SİYASƏT
İkili standartların mövcudluğu və strateji yanaşmanın olmaması nə ABŞ-ın, nə də onun tərəfdaşlarının maraqlarına cavab verir
Vaşinqton, 3 mart, AZƏRTAC
ABŞ-ın nüfuzlu yəhudi diaspor təşkilatı olan Amerika İsrail İctimai İşlər Komitəsinin (AIPAC) 2015-ci il üçün siyasi konfransı keçirilib.
Vaşinqtonda keçirilən konfrans çərçivəsində Azərbaycan-İsrail əlaqələri ilə bağlı “Yeni tərəfdaşlar: İsrail və Qafqaz regionu” mövzusunda seminar da təşkil olunub.
Artıq neçə illərdir AIPAC siyasi konfranslarında çıxış etmək üçün dəvət olunan Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov seminarda əsas məruzəçi qismində iştirak edib. Hayfa Universitetinin professoru, hazırda ABŞ-ın məşhur Corctaun Universitetinin araşdırmaçısı kimi fəaliyyət göstərən Brenda Şaferin moderatorluğu ilə keçən seminarda Amerika Xarici Siyasət Şurası analitik mərkəzinin vitse-prezidenti, təhlükəsizlik məsələləri üzrə tanınmış mütəxəssis İlan Berman da çıxış edib.
Səfir Elin Süleymanov çıxışında dünyanın bir çox bölgələrində radikalizm meyllərinin gücləndiyi bir zamanda Azərbaycanın tolerantlıq ənənələri ilə gündəmə gəldiyini, ölkəmizdə dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların, o cümlədən yəhudi icmasının sülh və əmin-amanlıq içərisində yaşadığını söyləyib.
Diplomat xalqlar arasında uzun əsrlərdən bəri davam edən dostluq münasibətlərinə söykənən Azərbaycan-İsrail əlaqələrinin tərəfdaşlıq xarakteri daşıdığını və ölkə rəhbərliyinin uzaqgörən siyasəti sayəsində son illər bu münasibətlərin daha da inkişaf etdiyini vurğulayıb. Bu xüsusda, Azərbaycanın İsrailin enerji təhlükəsizliyinə töhfəsi, habelə tərəflər arasında qabaqcıl texnologiyalar, müdafiə sənayesi və digər sahələrdə əməkdaşlığın mövcudluğu diqqətə çatdırılıb.
Diplomat, həmçinin hazırkı geosiyasi proseslər kontekstində ABŞ-ın Cənubi Qafqazla bağlı uzunmüddətli maraqlara söykənən strateji yanaşmasına xüsusi ehtiyac duyulduğunu bildirib. O, bəzi hallarda Azərbaycan kimi tərəfdaşların regionda sülh və təhlükəsizliyə töhfələrinin lazımınca qiymətləndirilmədiyini və ölkəmizə qarşı ikili standartların tətbiq olunduğunu təəssüflə qeyd edib. Səfir ikili standartların mövcudluğunun və strateji yanaşmanın olmamasının nə ABŞ-ın, nə də onun tərəfdaşlarının maraqlarına cavab vermədiyini vurğulayıb.
AIPAC konfransında ABŞ-dan və müxtəlif ölkələrdən 16000-dən çox nümayəndə, akademik dairə və ictimai təşkilat mənsubları, Konqresin 300-dən artıq üzvü, habelə bir sıra yüksək vəzifəli rəsmilər iştirak ediblər.
ABŞ-da nüfuzlu siyasi tədbir hesab edilən AIPAC konfranslarında başlıca olaraq Birləşmiş Ştatlar və İsraillə bağlı müzakirələr aparılır və nadir hallarda digər dövlətlərə dair məsələlərə yer verilir. Buna baxmayaraq, son illər ərzində AIPAC siyasi konfranslarında Azərbaycan ilə İsrail arasında münasibətlərə dair xüsusi tədbirin keçirilməsi artıq bir ənənəyə çevrilib və bu da bir daha ölkəmizin artan strateji əhəmiyyətindən xəbər verir.
Seminarda Azərbaycan Milli Məclisinin deputatı Asim Mollazadə də iştirak edib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton