ELM VƏ TƏHSİL
Amerikalı alim Radiasiya Problemləri İnstitutunda hava keyfiyyətinin modelləşdirilməsindən danışıb
Bakı, 22 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda Amerika Birləşmiş Ştatlarının Milli Okean və Atmosfer Administrasiyasının Qlobal Sistemlər Mərkəzinin elmi əməkdaşı Rəvan Əhmədov “Hava keyfiyyətinin kompüter modelləşdirilməsi” mövzusunda məruzə ilə çıxış edib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, amerikalı alim məruzəsində hava keyfiyyətinin modelləşdirilməsi, emissiyaların havanın keyfiyyət göstəricilərinə təsiri, təbii və texnogen qəzalar nəticəsində yaranan emissiyaların hava mühitində yayılması qanunauyğunluqları, çirkləndiricilərin insan sağlamlığına və ətraf mühitə təsirindən söz açıb.
Alim seminar iştirakçılarının suallarını cavablandırıb və ümumi maraq kəsb edən məsələlərin birgə tədqiq olunmasının məqsədəuyğunluğunu vurğulayıb. Uzun illər Radiasiya Problemləri İnstitutunda avtomobil emissiyalarının hava keyfiyyətinə təsirinin tədqiqi sahəsində alınan nəticələrin müasir modellərin tətbiqi ilə davam etdirilməsi və birgə tədqiqatlar aparılması təklif olunub.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin fizika fakültəsinin məzunu Rəvan Əhmədov Moskva Dövlət Universitetində fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.