CƏMİYYƏT
Amerikalı alimlər: Qaçış baş-beynin işini yaxşılaşdırır
Bakı, 28 iyun, AZƏRTAC
Fiziki yüklənmə təkcə əzələləri, tənəffüs və ürəyi qaydaya salmır, həm də baş-beynin işinə təsir göstərir. Amerikanın Qocalma Problemləri Milli İnstitutunun alimləri müntəzəm qaçışın sinir sisteminə necə təsir etməsini araşdırıblar. Alimləri xüsusilə qaçışın ali sinir funksiyasına təsiri maraqlandırıb.
AZƏRTAC mednews.info saytına istinadla xəbər verir ki, tədqiqatçılar laboratoriya siçanları üzərində aparılan təcrübədə qaçışın katepsin B zülalının yaranmasını sürətləndirdiyini müşahidə ediblər. Bu maddə baş-beyin hüceyrələrinin böyüməsi prosesini aktivləşdirir. Qeyd edək ki, bu xüsusiyyət yalnız daimi məşq zamanı müşahidə edilir.
Alimlər, həmçinin bir qrup siçanda katepsin zülalının yaranmasının qarşısını almağa çalışıblar. Nəticədə heyvanlarda məkanda istiqaməti təyin etmək bacarığı zəifləyib. Siçanlar hovuzdan platformayadək yolu çətinliklə tapıb. Nəzarətdə olan qrup isə tapşırığın öhdəsindən çox yaxşı gəlib.
Əldə edilən məlumatlar əvvəlki tədqiqatlarla ziddiyyət təşkil etmir. İdmanla məşğul olmaq bədəndə qan dövranını sürətləndirir. Baş-beyin də bu qaydalardan istisna deyil.