Məşhur amerikalı qadın astronavt Kürdəmirdə məktəblilərlə görüşüb
Kürdəmir, 10 dekabr, AZƏRTAC
ABŞ-ın donanma kapitanı və keçmiş NASA astronavtı xanım Haydi Stefanişin-Payper dekabrın 10-da Kürdəmirə gəlib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, amerikalı astronavt səfər çərçivəsində Kürdəmirdəki “Amerika Guşəsi”ndə məktəblilərlə görüşüb.
Qonaq ölkəmizə səfərində əsas məqsədin gənclərlə görüşmək, onları fəaliyyəti barədə məlumatlandırmaq olduğunu deyib.
Görüşdə Haydi Stefanişin-Payper “Mənim əhvalatım” adlı videoçarxı təqdim edib. Məktəb illərindən başlayaraq ordudan tərxis olunanadək dövrü, xüsusən kosmosa uçduğu 12 və 16 günlük iki səfərini əks etdirən fotoşəkillər əsasında verdiyi şərhlər məktəblilər tərəfindən maraqla qarşılanıb.
Sonda amerikalı astronavtla xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, NASA astronavtı xanım Haydi Stefanişin-Payperin ölkəmizə səfəri ABŞ səfirliyinin təşkilatçılığı ilə reallaşıb.