SİYASƏT


Amerikalı ekspert Transatlantik birliyini Dağlıq Qarabağ münaqişəsinə lazımi diqqət yetirməyə çağırıb

A+ A

Vaşinqton, 25 avqust, AZƏRTAC 

“The Washington Times” qəzetində Begin-Sadat Strateji Tədqiqatlar Mərkəzinin amerikalı eksperti Aleksandr Murinsonun “Dağlıq Qarabağda dondurulmamış münaqişə” sərlövhəli məqaləsi dərc edilib. Müəllif postsovet məkanında ərazi bütövlüyü prinsipinə riayət etməyin vacibliyindən və Azərbaycan ərazilərinin Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmasından yazır.

Ekspert qeyd edir ki, bu il aprel ayında münaqişənin eskalasiyası nəticəsində erməni millətçiləri işğal altında olan ərazinin Ermənistanın özü tərəfindən “tanınması” məsələsini qaldırdılar, lakin Ermənistan parlamentində səslənən bu çağırışlar beynəlxalq birliyin təzyiqi altında yatırıldı. A.Murinson qeyd edir ki, işğal edilmiş ərazinin “müstəqilliyinin” tanınması Azərbaycanla danışıqlar prosesinə son qoyulmasına gətirib çıxaracaq.

Daha sonra müəllif məqalədə Azərbaycan ərazilərinin işğalını pisləyən beynəlxalq sənədləri, o cümlədən BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını pisləyən, erməni silahlı qüvvələrinin bu ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün şərait yaradılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələrini, habelə BMT Baş Məclisinin Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən 2008-ci il 14 mart tarixli qətnaməsini sadalayır. Bununla yanaşı, beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, NATO, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilat (GUAM) qanunsuz işğal edilmiş ərazilərdə qondarma seçkilərin legitimliyini tanımır.

Məqalənin sonunda ekspert qeyd edir ki, əgər Transatlantik birliyin üzvləri (ABŞ və Fransa) bu “dondurulmamış” münaqişəyə bundan sonra da səhlənkar yanaşsalar, ardınca müharibə baş verməsi qaçılmazdır.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.