SİYASƏT
Amerikalı jurnalist Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında kitab hazırlayır
Bakı, 27 may, AZƏRTAC
Mayın 27-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov Azərbaycanın enerji siyasəti, Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun nəticələri ilə bağlı kitab hazırlamaq məqsədilə ölkəmizdə səfərdə olan ABŞ-ın “The Hill” qəzetinin müxbiri Raoul Lovrey Conterasla görüşüb.
Bu barədə AZƏRTAC-a komitədən məlumat verilib.
F. Hüseynov amerikalı jurnalistə təmsil etdiyi mətbu orqanda ölkəmiz haqqında obyektiv məqalələrlə çıxış etdiyinə, Azərbaycanın bir nömrəli problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində yaranmış bir milyondan çox qaçqın və məcburi köçkünün indiyədək üzləşdikləri çətinliklər və onların bugünkü real durumu ilə yerində tanış olmaq üçün görüşə gəldiyinə görə təşəkkürünü bildirib. O, təəssüflə qeyd edib ki, işğalçı Ermənistanın qeyri-konstruktiv mövqe nümayiş etdirməsi nəticəsində münaqişə hələ də öz həllini tapmayıb.
Görüşdə F. Hüseynov amerikalı jurnalistə münaqişənin tarixi kökləri və yaranma səbəbləri, erməni silahlı qüvvələrinin keçmiş sovet hərbi birləşmələrinin köməyi və iştirakı ilə Azərbaycan ərazisinin 20 faizini işğal etməsi, bir milyondan çox vətəndaşımızın bu işğal nəticəsində qaçqın və məcburi köçkünə çevrilməsi, ermənilər tərəfindən misli görünməmiş Xocalı faciəsinin, çoxsaylı terror aktlarının törədilməsi və digər bu kimi məsələlərlə bağlı hərtərəfli məlumat verib. O, həmçinin ölkəmizdəki qaçqın və məcburi köçkünlərin problemləri, onların bugünkü vəziyyəti, Azərbaycanın gündən-günə artan iqtisadi imkanlarının bu soydaşlarımızın sosial-məişət və mənzil problemlərinin həllinə yönəldilməsi sahəsində yürüdülən dövlət siyasəti, bunun nəticəsində onlar üçün yaradılan hərtərəfli şərait və s. barədə də danışıb.
Azərbaycan haqqında, Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi, qaçqın və məcburi köçkünlər barədə müəyyən məlumatı olduğunu deyən qonaq onu maraqlandıran suallara ətraflı cavab aldığına görə minnətdarlığını bildirərək bütün bunların onun üçün mühüm önəm daşıdığını deyib.
Amerikalı jurnalist Binəqədi rayonu ərazisində məskunlaşmış məcburi köçkünlərlə də görüşüb söhbət edib, onlar üçün yaradılan şəraitlə yerində tanış olub.