SİYASƏT
Amerikalı jurnalist Milli Məclisdə olub
Bakı, 3 oktyabr, AZƏRTAC
Milli Məclis sədrinin müavini Bahar Muradova oktyabrın 3-də amerikalı jurnalist, Xocalı soyqırımına həsr olunmuş kitabın müəllifi Raul Kontreras ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Raul Kontreras Azərbaycan ilə bağlı yeni kitab yazır. Bununla əlaqədar ölkəmizə səfər edən jurnalist müxtəlif qurumlarda görüşlər keçirir, yeni nəşrə daxil etmək üçün Azərbaycan haqqında geniş məlumatlar toplayır.
Milli Məclis sədrinin müavini Bahar Muradova ilə keçirdiyi görüşdə jurnalist parlamentin fəaliyyəti ilə maraqlanıb. Sədr müavini qonağa Milli Məclisin fəaliyyəti, buradakı təmsilçilik, seçki prosesi, qanunvericilik bazası, qadınların ölkənin ictimai-siyasi həyatındakı fəal rolu, dövlət qurumlarındakı idarəetmə sistemi, ölkəmizin balanslaşdırılmış xarici siyasəti və amerikalı jurnalisti maraqlandıran digər məsələlərə dair geniş məlumatlar verib.
Xatırladaq ki, amerikalı jurnalist ABŞ-ın nüfuzlu mətbu orqanlarında Azərbaycanda keçirilən mühüm tədbirlər, əldə olunan uğurlar, reallaşdırılan layihələr, ölkəmizdəki tolerantlıq, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımına dair müxtəlif məqalələrlə çıxış edib.