SİYASƏT
Amerikalı politoloq Deniel Uorner: Azərbaycanda mədəni müxtəliflik çiçəklənir
Moskva, 22 dekabr, AZƏRTAC
İsveçrədə rus dilində çıxan “Naşa qazeta” gündəlik internet nəşri Azərbaycan haqqında məqalə dərc edib. Qəzetin bloggerləri - amerikalı politoloq Deniel Uorner və onun assistenti Lidiya Amberq “Azərbaycanda mədəni müxtəlifliyin və sekulyarlaşdırmanın ümumi dəyərləri” layihəsi çərçivəsində ölkəmizdə olublar və nəşrin oxucuları ilə təəssüratlarını bölüşüblər. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə əsas etibarilə azərbaycanlıların İsveçrədəki, isveçrəlilərin Azərbaycandakı mədəni müxtəlifliyin və sekulyarlaşdırmanın prinsiplərini daha yaxşı başa düşməsinə nail olmaq məqsədi daşıyır.
Nəşr yazır ki, bir il müddətinə nəzərdə tutulan layihə çərçivəsində bu layihənin adında yer alan mürəkkəb anlayışları əks etdirən əsas elementlər araşdırılacaq. Bunun üçün siyasi, tarixi, hüquqi və sosial aspektlər, habelə müxtəlif mədəniyyətlərin inteqrasiyasına, dövlət ilə din arasında “nüfuz sahəsinin” bölünməsinə onların müsbət və ya mənfi təsiri öyrəniləcək. Məlum məsələdir ki, Azərbaycan ilə İsveçrənin siyasi və tarixi təcrübəsi eyni deyildir. Amma istər fərqlər, istərsə də mövcud oxşarlıqlar müxtəlif mədəniyyətlərin harmonik vəhdəti nümunəsi kimi bu təcrübəni öyrənməyə sövq edir. Bu işin nəticələrini 2015-ci ilin payızında dərc etmək planlaşdırılır.
İşə başlamaq üçün layihə rəhbəri Deniel Uorner və onun assistenti Lidiya Amberq Bakıya gəliblər. Doktor Uorner dəfələrlə Bakıda olsa da, hər dəfə gələndə güclü hisslər keçirir. O, təəssüratlarını “Naşa qazeta” ilə bölüşərək deyib: “Sanki şəhər daim tikinti vəziyyətindədir. Yeni-yeni binalar az qala göz qabağında ucalır”.
Məqalədə deyilir ki, bloggerlər rektor Hafiz Paşayevin çevik rəhbərliyi sayəsində beynəlxalq səviyyəli ali məktəbə çevrilən ADA Universitetində olublar. Müəlliflər yazır: “Bütün müasir tələblərə cavab verən kampus və ölkədə ingilis dilində ən iri kitabxana bu ali məktəbə Cənubi Qafqazdan və başqa ölkələrdən mindən çox tələbə cəlb edib. Kampusdakı əlverişli mühit və əla texnoloji təchizat onu dünyanın ən nüfuzlu universitetlərinin kampuslarına bənzədir”.
Yerli tərəfdaşlar QHT-lərə Dövlət Dəstəyi Şurasının Beynəlxalq əlaqələr departamentinin rəisi Mustafa Qurbanlı və layihənin əlaqələndiricisi İlqar Dadaşov Azərbaycanda mədəni müxtəlifliyin və sekulyarlaşdırmanın necə işlədiyini yaxşı başa düşmək üçün cenevrəli qonaqları şəhərin əsas dini mərkəzləri ilə tanış ediblər.
Azərbaycan ərazisində fəaliyyət göstərən yeganə katolik məbədi olan Müqəddəs Məryəm ana kilsəsində qonaqlar Bratislavadan gəlmiş keşiş Vladimir Fekete ilə tanış olublar. O deyib ki, Papa II İoann Pavel 2002-ci ildə Bakıda rəsmi səfərdə olub. Bu tarixi hadisədən sonra Azərbaycan Prezidenti Heydər Əliyev yeni məbədin tikintisi üçün katolik kilsəsinə torpaq ayırıb. Eyni adı daşıyan əvvəlki kilsə 1938-ci ildə kommunistlər tərəfindən dağıdılıb. O vaxtdan dindarlar ayinlərini gizli icra etməyə məcbur olublar.
Hazırda keşiş din, tolerantlıq və dinc yanaşı yaşamaq məsələlərinə dair məsələləri müzakirə etmək üçün hər ay yəhudi və müsəlman icmalarındakı həmkarları ilə görüşür. Katolik kilsəsinin nümayəndəsi Bakıda keçirilən konfranslarda, o cümlədən bu yaxınlarda ATƏT tərəfindən təşkil edilən “Tolerantlıq modeli” adlı görüşdə iştirak edib.
Doktor Uorner və Lidiya Amberq Avropa yəhudilərinin Bakı icmasının başçısı Gennadi Zelmanoviç ilə tanış olub. Görüş kiçik aşkenazi sinaqoqunda baş tutub. Həmin sinaqoqun 2003-cü ildə açılması 1946-cı ildə Sovet hakimiyyəti tərəfindən verilən keçmiş mülki müdafiə anbarının binasının zirzəmisində yerləşən icma üçün əhəmiyyətli hadisə olub. Ölkənin şimalında, Quba rayonunda çoxlu sayda dağ yəhudisi yaşayır. Artıq 20 əsrdən çox müddət ərzində Azərbaycanda yaşayan dağ yəhudiləri şəhərin ən böyük sinaqoquna gedirlər. Bu sinaqoqun yeni binasının açılışı 2011-ci ildə olub.
Azərbaycan əhalisinin təqribən 90 faizini müsəlmanlar təşkil edir. Şiələr (70 faiz) və sünnilər (30 faiz) dinc yanaşı yaşayır. Məscidlərin işi elə təşkil edilib ki, bu konfessiyaların nümayəndələri elə eyni binada növbə ilə ibadət edirlər. Regionda həmin qruplar arasındakı gərginlik nəzərə alınsa, bu, həqiqətən unikal bir hadisədir. Təzəpir məscidindən ilahiyyatçı Faiz Nağızadə bildirib ki, Bakıdakı İslam Universiteti istisna olmaqla, Azərbaycanda müsəlman məktəbləri yoxdur. Müsəlman siyasi partiyaları da yoxdur, bu da Azərbaycanın dünyəvi ölkə olduğunu təsdiq edir. Onun sözlərinə görə, Avropada və regionda fundamentalizmin artmasına baxmayaraq, məscidə gələnlərin sayı son illər az dəyişib. Hacı Faiz Bakıdakı digər dini icmalarla müsəlmanların münasibəti barədə suala cavab verərək bildirib ki, ölkədə heç vaxt dini zəmində müharibələr olmayıb və Azərbaycanda din siyasətdən ayrıdır.
Qonaqlar İsveçrə səfirliyinə də gediblər. Daniel Uorner və Lidiya Amberq İsveçrə səfirinin müavini Haver Şombahler və Berndə Siyasi Məsələlər Direksiyasının Şərqi Avropa və Orta Asiya üzrə regional əlaqələndiricisinin müavini Klaudio Habişt ilə görüşüblər. Layihəyə canlı maraq göstərən İsveçrə diplomatları onun araşdırdığı problemlərə dair şəxsi müşahidələrini bölüşüblər. Cənubi Qafqazın İsveçrənin xarici siyasətində tutduğu əhəmiyyətli yer (hər üç ölkədə səfirliklərin olması və Bakıdakı səfirliyin sanballı binası bunu təsdiq edir) və İsveçrənin Azərbaycana münasibətdə indiki və gələcək strategiyası da müzakirə edilib.
D.Uorner sonda deyib: “Səfər zamanı biz Azərbaycanın nəhəng maddi yüksəlişini gördük. Lakin daha əhəmiyyətlisi budur ki, səfər regionda qütbləşmənin artmasına baxmayaraq, bu ölkədə mədəni müxtəlifliyin və sekulyarlaşmanın hələ də çiçəkləndiyini göstərir. ADA Universitetinin tələbələri və CABIR proqramın keçmiş iştirakçıları ilə danışdıqdan sonra əmin oldum ki, yeni nəsil də bu iki dəyərin fundamental əhəmiyyətinə inanır”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva