ELM VƏ TƏHSİL
Amerikalı professor: UNEC-dəki fəaliyyətimi həyatımda çox önəmli mərhələ hesab edirəm
Bakı, 25 may, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) pedaqoji fəaliyyətini başa vuran tanınmış amerikalı iqtisadçı alim, professor Bülent Aybar ilə universitetin müəllimlərinin görüşü keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, inzibati və təşkilati məsələlər üzrə prorektor Şaiq Əsgərov amerikalı professor Bülent Aybarın dörd ay müddətində UNEC-də pedaqoji fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Tədqiqat sahəsi əsasən FX Risk və FK risk menecmenti, beynəlxalq bazarlar, beynəlxalq bərabərlik məsələləri , risk xüsusiyyətləri və çoxmilli korporasiyalar olan professor 30 ildən artıq dünyanın bir çox universitetlərində çalışıb. 2006-cı ildən Harvard Universitetində, Cənubi Nyu-Hempşir Universitetində pedaqoji fəaliyyət göstərən B.Aybar həm də nüfuzlu beynəlxalq təşkilatların üzvüdür.
B.Aybar çalışdığı nüfuzlu universitetlərin tədris proqramları və metodları barədə UNEC-in pedaqoji heyətinə məlumat verib. Təcrübəsini onlarla bölüşən amerikalı professor tələbə-müəllim münasibətlərindən söz açıb, fəaliyyəti dövründə bu sahədə qarşısına çıxan problemlərdən və onların həlli yollarından danışıb. Tələbələrin fənni auditoriyada daha mükəmməl mənimsəmələrinə kömək edən tədris texnologiyalarından nümunələr göstərib.
UNEC-də 2016/2017-ci tədris ilinin yaz semestrindəki pedaqoji fəaliyyətinə və tədrisə verdiyi dəyərli töhfələrə görə B.Aybara təşəkkürnamə təqdim olunub.