ELM VƏ TƏHSİL


Amerikalı rejissor Mədəniyyət və İncəsənət Universitetində ustad dərslərinə başlayıb

Bakı, 7 fevral, AZƏRTAC 

Fevralın 7-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) ABŞ-ın ölkəmizdəki səfirliyi tərəfindən görkəmli amerikalı rejissor, sənədli filmlər üzrə tanınmış mütəxəssis Lisa Leemanın ustad dərsləri təşkil olunub.

ADMİU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə səfirliyin mədəni əlaqələr şöbəsinin müşaviri Amy Petersen universitetin kino və televiziya fakültəsinin ikinci, üçüncü kurs və “SABAH” qrupu tələbələrini ustad dərslərinin gündəliyi ilə tanış edib. Sonra Lisa Leeman tələbələrlə film sahəsində təcrübələrini bölüşüb, hazırda üzərində çalışdığı filmlər və kino layihələri haqqında ideyaların müzakirəsini aparıb.

Ustad dərslərində tələbələr fevralın 13-dək yazı təlimləri, tədqiqat prosesi, forma, məzmun və səhnə anlayışı, müsahibə sənəti, bəstəkarlar və çəkiliş qrupu ilə əməkdaşlıq, montajın üslubları, redaktə prosesi, büdcə və planlaşdırma, sənədli kinoda etik çağırışlar haqqında ətraflı məlumat əldə edəcəklər. Dərsləri uğurla başa vuran tələbələrin filmləri gələcəkdə film festivalında nümayiş olunacaq. Ustad dərslərinin iştirakçılarına sertifikatlar veriləcək.

Nüfuzlu “Emmy” mükafatı və Amerika Kino İnstitutunun “Müstəqil kinorejissor” qrantına layiq görülən Lisa Leeman artıq 25 ildir ki, bədii qısametrajlı filmlər çəkir və redaktə edir. Onun ilk “Metamorfoza: Kişinin qadın roluna girməsi” filmi 1990-cı ildə film festivalında “Rejissor” mükafatını qazanıb. Dünyanın bir çox ölkələrində sənədli filmlərin çəkilməsi ilə bağlı ustad dərsləri keçən Liza Leeman hazırda ABŞ-ın Cənubi Kaliforniya Universitetinin Kinoşünaslıq İncəsənəti Məktəbində müəllim vəzifəsində çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.