SİYASƏT


Amerikanın “The Hill” qəzeti Azərbaycanın gender siyasəti barədə yazıb

A+ A

Vaşinqton, 9 dekabr, AZƏRTAC

ABŞ-ın nüfuzlu “The Hill” qəzetində İsrailin aparıcı analitik mərkəzinin beynəlxalq kommunikasiyalar üzrə direktoru və “eJewish Philantropy”nin müxbiri Maayan Caffe-Hoffmanın “ABŞ-da ilk qadın prezidentin seçilməsi qlobal əhəmiyyətə malik olardı” adlı məqaləsi dərc edilib. Məqalədə müxtəlif ölkələrin rəhbərliklərində və hökumət orqanlarında qadınların fəaliyyəti və dövlətin qanunvericilik orqanlarında qadınların proporsional təmsilçiliyinin vacibliyi haqqında danışılır.

Müəllifin yazdığı kimi, gözlənilirdi ki, Hillari Klinton ABŞ-ın prezidenti seçiləcək və Tereza Mey, Angela Merkel kimi hökumət başçılarının sırasında olacaq. Bu, qlobal əhəmiyyətə malik olardı. M.Caffe-Hoffman qeyd edir ki, 1992-ci ildə ABŞ-da üç qadın senator vardı, indi onların sayı iyirmi nəfərdir. Müəllifin sözlərinə görə, bu say böyük görünə bilər, lakin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) statistikasına əsasən, hökumətdə qadınların təmsilçilik nisbətinə görə ABŞ əksər ölkələrdən geridədir.

Dövlət strukturlarında qadınların təmsilçiliyinə xüsusi diqqətin yetirildiyi ölkələr arasında Azərbaycanın da adı çəkilir. Müəllif vurğulayır ki, Azərbaycan hökumətində bir qadın Nazirlər Kabinetinin üzvüdür, 125 deputatdan ibarət parlamentin 16 faizini zərif cinsin nümayəndələri təşkil edir.

M.Caffe-Hoffman yazır ki, bəzi ölkələrdə hökumətlər rəhbərlikdə qadınların təmsilçilik kvotalarını müəyyənləşdirib. Bu, qadınların siyasi vəzifələrdə təmsilçilik sayının xeyli artmasına səbəb olub. Azərbaycan kimi ölkələrdə isə zərif cinsin nümayəndələrinin rəhbər vəzifələrdə təmsilçiliyinin yaxşılaşdırılması istiqamətində əlavə tədbirlər görülür.

2015-ci ilin fevralında Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitənin hesabatında qeyd edilib ki, Azərbaycanda qadın məsələlərinə dair qanunvericilik prosesində inkişaf müşahidə olunur. Buraya qadınlara qarşı zorakılıq hallarının 50 faiz azalması, 2014-cü ildə qadınlar arasında yoxsulluğun 49 faizdən 5,9 faizə enməsi də daxildir. Qeyd etmək lazımdır ki, Azərbaycanda sahibkarların 18 faizi qadındır.

Məqalənin sonunda Maayan Caffe-Hoffman yazır ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Yeni Azərbaycan Partiyası sədrinin müavinidir. O, həmçinin bütün dünyada xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.