SİYASƏT
Amerikanın ispandilli “Eurasia Hoy” xəbər portalı Dağlıq Qarabağ münaqişəsinin və Xocalı faciəsinin ilkin səbəbləri haqda
Bakı, 6 mart, AZƏRTAC
Amerikanın ispandilli “Eurasia Hoy” xəbər portalında AZƏRTAC-ın ABŞ-dakı xüsusi müxbiri Yusif Babanlının “Fəlakət: Qafandan Xocalıya qədər” adlı məqaləsi dərc edilib: (http://eurasiahoy.com/02032015-la-debacle-de-kafan-a-jodyali/).
Müəllif Ermənistan-Azərbaycan münaqişəsinin ilkin səbəbləri, Sovet rəhbərliyi sıralarında yer tutan ermənilərin Azərbaycanın Dağlıq Qarabağ regionunun ilhaq edilərək Ermənistana birləşdirilməsi məqsədilə 1987-ci ildə başladığı millətçi hərəkat və onların yürütdüyü antiazərbaycan siyasəti barədə söhbət açır.
Qeyd edilir ki, ermənilərə Azərbaycan Respublikası hüdudlarında siyasi və iqtisadi muxtariyyət verilmişdi, Ermənistan SSR-də yaşayan 220 min etnik azərbaycanlı isə analoji hüquqlardan məhrum idi.
Y.Babanlı yazır ki, Ermənistanda yaşayan azərbaycanlılar 1987-ci ilin noyabrından etibarən sistematik surətdə bu respublikadan qovulurdu və artıq 1988-ci il fevralın axırlarında Ermənistandan qovulan azərbaycanlı qaçqınların sayı 4 minə çatmışdı.
Müəllif daha sonra SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən təşkil edilmiş Sumqayıt hadisələri və dinc əhaliyə qarşı törədilmiş vəhşiliklərin əsas icraçısı, etnik erməni Eduard Qriqoryan haqda məlumat verir, qeyd edir ki, Qriqoryan barəsində məhkəmə hökmü çıxarılandan sonra o, Moskvaya göndərildi və orada həmişəlik yoxa çıxdı. Müəllif soruşur: Sumqayıt hadisələri barədə kadrlar demək olar ki, dərhal Avropa telekanallarında nümayiş etdirildiyi halda Ermənistandan minlərlə azərbaycanlının qovulması, qaçqın vəziyyətinə düşməsi faktı nə üçün geniş işıqlandırılmadı?
Məqalənin bir hissəsi keçmiş SSRİ rəhbərliyinin ədalətsiz siyasəti, 1948-1953-cü illərdə Ermənistan SSR-in azərbaycanlı əhalisinin Azərbaycana köçürülməsi və onların yerində ərəb ölkələrindən olan ermənilərin məskunlaşdırılması, habelə erməni terror təşkilatlarının Azərbaycanda sabitliyin pozulmasında, erməni və Azərbaycan xalqları arasında düşmənçilik yaradılmasında rolu məsələlərinə həsr edilir. Daha sonra müəllif Xocalı qırğınından əvvəl baş vermiş hadisələr - erməni quldur dəstələri tərəfindən Kərkicahan, Malıbəyli, Quşçular və Qaradağlı kəndlərində azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsi faktlarından söhbət açır.
Məqalədə Ermənistan ordusunun, erməni quldur dəstələrinin və 366-cı motoatıcı alayın törətdiyi Xocalı faciəsi nəticəsində Azərbaycanın 613 nəfər dinc sakinin qətlə yetirilməsi barədə ətraflı məlumat verilir.
Müəllif sonda yazır ki, 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda terror hücumlarından sonra Prezident Corc Buş deyib: “Biz öz düşmənlərimizi ədalət məhkəməsi qarşısına gətirəcəyik, yoxsa ədalət məhkəməsini düşmənlərimizin yanına gətirəcəyik – bunun fərqi yoxdur, lakin ədalət zəfər çalacaq”.
Buna görə də kütləvi qırğınların bütün icraçılarını – istər Nyu-Yorkdakı terror aktının, istər Xocalıdakı qırğının icraçıları olsun, onların hamısını ədalət mühakiməsi gözləyir.