SİYASƏT
Amerikanın siyasi yonümlü “Roll Call” qəzeti “Azadlıq Radiosu”nun Azərbaycanla bağlı qeyri-obyektiv və qərəzli mövqeyi barəsində
Müəllif yazır ki, ABŞ Konqresi vergi ödəyicilərinin 750 milyon dollaradək vəsaitini “Azadlıq Radiosu”nun və “Amerikanın səsi” radiosunun maliyyələşdirilməsinə xərcləyir. “Azadlıq Radiosu” “obyektiv xəbərlər, analitik yazılar təqdim etmək, azad bazarların formalaşması və inkişafı prosesi üçün vacib olan daxili siyasi və regional məsələlərin müzakirə etmək əvəzinə ABŞ-ın müttəfiqləri olan ölkələrə hücum edir”.
M.Caffe qeyd edir: “Azadıq Radiosunun Ağ Ev tərəfindən təyin edilən direktorlar şurası və fəaliyyətinin səmərəsi görünməyən ABŞ inspektor xidməti bilavasitə maraqların münaqişəsini qızışdırmaqla məşğuldurlar”. Məsələn, müəllif bildirir ki, “Azadıq Radiosu” tolerant cəmiyyət ocağı, dünya ticarətində şəffaflığın yaradılması üçün vasitə kimi Hasilat Sahələrinin Şəffaflığı Təşəbbüslərini imzalayan ilk ölkələrdən biri olan Azərbaycanı daim ittiham edir. Azərbaycanın Dövlət Neft Fondu dünyanın ən yaxşı idarə olunan fondlarından biri kimi tanınır. 2011-ci il sentyabrın 11-də baş vermiş terror hadisələrindən bir neçə saat sonra ABŞ-a qeyd-şərtsiz kömək təklif edən Azərbaycan həm də Amerika xalqının etibarlı dostudur. Ölkə rəhbərliyi öz hərbi qulluqçularını sülhməramlı əməliyyatlar üçün Kosovoya, İraqa və Əfqanıstana göndərib. Azərbaycan NATO-nun Əfqanıstandakı missiyasında vacib oyunçulardandır.
Müəllif daha sonra dünyada qərb prinsipləri əsasında qurulmuş ilk müsəlman respublikası olan Azərbaycan Xalq Cümhuriyyətini barəsində, eləcə də Sovet İttifaqının dağılmasından sonra keçilən çətin yoldan yazır. Jurnalist qeyd edir ki, Ermənistan sovet ordusunun hərbi təchizatı və şəxsi heyətinin köməyi ilə Azərbaycanın Dağlıq Qarabağ regionuna soxularaq oranı zəbt edib və hərbi işğal altında saxlamaqda davam edir.
“Azadıq Radiosu”nun Azərbaycan barəsində reportajlarından söhbət açan M.Caffe yazır ki, bu qurumun verdiyi qiymət qeyri-dəqiq və qeyri-obyektivdir. İyulun 1-dən avqustun 5-dək “Azadlıq Radiosu” Azərbaycan haqqında 30 məqalə və videoreportaj hazırlayıb, lakin onların heç biri ölkədəki müsbət meylləri əks etdirmir. Müəllif qeyd edir: “Plüralizm, vətəndaş cəmiyyəti, milli və regional inkişaf, ABŞ və İsraillə müttəfiqlik barəsində heç nə deyilmir”.
Missisipi ştatından olan senator Rocer Uikerin yaxın vaxtlarda qeyd etdiyi kimi, ABŞ-ın bəxti gətirib ki, Xəzər regionunda belə bir sabit müttəfiqi var. Müəllif qeyd edir ki, Konqresin bu cür görkəmli üzvləri çoxdur və onlar “Azadlıq Radiosu”nun fəaliyyətinə diqqət göstərməlidirlər. Lakin Konqres “Azadlıq Radiosu”nun kefi istəyəni dərc etməsinə icazə verməklə, beynəlxalq arenada ABŞ-ın maraqlarına zərər vurmasına imkan yaradır.
M.Caffe vurğulayır: “Konqres öz radiostansiyaları və vebsaytı üzərində nəzarət tədbirləri görməlidir ki, bizim düşmənlərimizə yanlış məlumatlar yaymaqla ABŞ-ın özü üçün vacib olan Azərbaycanla münasibətlərə zərər vurulmasın”.
Azərbaycandan fərqli olaraq, Ermənistan haqqında xəbərlər bölməsində belə neqativ reportajlar müşahidə olunmur, hərçənd Ermənistan ABŞ-ın ən qatı rəqiblərinin dostudur. Qərbpərəst fəaliyyət xətti seçmək üçün çoxlu imkanlar olmasına baxmayaraq, Ermənistan Avropa İttifaqından və ümumiyyətlə Qərbdən imtina edib. Müəllif sual verir: “Bəs Amerikanın rəqibinə - Ermənistana “Azadlıq Radiosu” tərəfindən təzyiq göstərilməsi niyə görünmür?”.
Yekunda M.Caffe ABŞ Konqresinin üzvlərinə xatırladır ki, “Azadlıq Radiosu” ABŞ-ın, xüsusilə Sovet İttifaqına və onun əlaltılarına qarşı, təbliğat maşını kimi yaradılıb. Bu plan baş tutdu, lakin görünür, SSRİ dağılandan sonra “Azadlıq Radiosu” fəaliyyət istiqamətlərini itirib. ABŞ iqtisadiyyatının bərpası dövründə amerikalı vergi ödəyiciləri Konqres tərəfindən “Azadlıq Radiosu”nun maliyyələşdirilməsinə buraxılan milyonlarla dollara diqqət yetirməlidirlər.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton