MƏDƏNİYYƏT
Əmin Əbdülqadir: Efiopiya ilə Azərbaycan arasında turizm və mədəniyyət sahələrində əməkdaşlıq üçün böyük potensial var
Əddis-Əbəbə, 27 iyul, AZƏRTAC
Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev bu ölkənin mədəniyyət və turizm naziri Əmin Əbdülqadir ilə görüşüb.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə E.Abdullayev Azərbaycan haqqında geniş məlumat verərək ölkəmizin turizm sahəsində əldə etdiyi uğurları və regionun aparıcı turizm mərkəzinə çevrildiyini efiopiyalı nazirin diqqətinə çatdırıb. Səfir Azərbaycanda turizmin inkişafı və turistlərin cəlb edilməsi üçün ölkəmizdə ən müasir turizm infrastrukturunun yaradıldığını, o cümlədən dünyanın tanınmış otel şəbəkələrinin mövcud olduğunu bildirib. Diplomat qədim diyar olan Azərbaycanda regionun ən qədim və zəngin maddi-mədəni və dini abidələrinin mövcud olduğunu qeyd edib. O, Azərbaycanın bir çox mötəbər beynəlxalq miqyaslı tədbirlərə, xüsusilə birinci Avropa Oyunlarına ev sahiblik etməsinin ölkəmizin mühüm beynəlxalq mərkəzə çevrilməsinin göstəricisi olduğunu bildirib.
Görüşdə nazir Əmin Əbdülqadir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin böyük uğurlara imza atdığını qeyd edib. O, Azərbaycanın sürətlə inkişaf etdiyini və qısa bir zamanda dünyada inkişaf etmiş bir ölkə kimi tanındığını vurğulayıb. Efiopiyalı nazir ölkəsinin Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu, həm turizm, həm də mədəniyyət sahələrində əməkdaşlığın həyata keçirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd edib.
Görüşdə iki ölkə arasında əməkdaşlığın aparılması və inkişaf etdirilməsinin, qarşılıqlı səfərlərin, təcrübə mübadiləsinin həyata keçirilməsinin, hüquq-müqavilə bazasının yaradılmasının vacibliyi vurğulanıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri