MƏDƏNİYYƏT
Aminata Savadoqo: Finalda təqdim edəcəyim performansdan razıyam
Vyana, 23 may, AZƏRTAC
“Eurovision-2015” yarışmasında oxuyacağım mahnı ilə insanları daha yaradıcı və nikbin olmağa çağıracağam. Finalda təqdim edəcəyim performansdan razıyam.
Bu sözləri Latviyanı yarışmada təmsil edən Aminata Savadoqo AZƏRTAC-a müsahibəsində deyib.
O, mahnı müsabiqəsinin final şousunda öz ifası ilə tamaşaçılara xoş anlar bəxş edə biləcəyini vurğulayıb. Azərbaycan təmsilçisi Elnur Hüseynovun ifasını yüksək qiymətləndirən Aminata Savadoqo ölkəmizin bu müsabiqədə hər il çox yaxşı mahnılarla iştirak etdiyini bildirib. Latviyalı müğənni deyib: “Elnurun mahnısı həzin balladadır. Mən Azərbaycan təmsilçisi ilə eyni yarımfinalda idim. Əmin idim ki, Elnur da, mən də finalda olacağıq”, - deyə Aminata Savadoqo qeyd edib.
Musiqi sahəsində bir çox mükafatlara layiq görüldüyünü vurğulayan müğənni ifa edəcəyi “Love injected” mahnısı və səhnə performansı haqqında da məlumat verib. Aminata Savadoqo deyib: “Artıq Latviyada bir çox konsert kompleksləri tikilir. Bu müsabiqəyə biz hər zaman diqqətlə yanaşmışıq. İstərdim ki, bu il Latviyanın qalibiyyəti mənim adımla bağlı olsun. Bunun üçün əlimdən gələni edəcəyəm”.
Finalda tamaşaçılara möhtəşəm şou vəd edən müsabiqə iştirakçısı Avropa tamaşaçılarına müraciətlə deyib: “Məni dinləyənlər sırasında hər yaşdan olan insanlar var. Hər çıxışımda çalışıram ki, auditoriyanın sevgisini itirməyim. Bu, hər bir müğənni üçün çox vacibdir”.
Anar Rzayev
AZƏRTAC-ın müxbiri
Vyana