REGİONLAR


Əmlak Komitəsi Qazax və Ağdaş rayonlarında torpaq idarəçiliyi ilə bağlı maarifləndirici işgüzar forum keçirib

Bakı, 23 iyun, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) torpaqlardan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti tədbirlərinin gücləndirilməsi ilə bağlı respublika üzrə maarifləndirici işgüzar forumlara start verib. İlk belə tədbirlər iyunun 22-23-də müvafiq olaraq Qazax və Ağdaş rayonlarında təşkil olunub.

Tədbirlərdə ƏMDK, yerli icra nümayəndələri, bələdiyyələr, aidiyyəti dövlət qurumlarının nümayəndələri, iri torpaq mülkiyyətçiləri və istifadəçiləri iştirak edib.

Komitədən AZƏRTAC-a bildirilib ki, forumun məqsədi torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirlərinin səmərəliliyini artırmaq, görülən işləri təkmilləşdirmək, torpaqların təyinatı üzrə istifadəsinin təşkilində ƏMDK-nın fəaliyyətini dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslərlə əlaqələndirmək, onların hüquq və vəzifələrini izah etmək, bu barədə ictimaiyyəti məlumatlandırmaqdır.

Çıxışlarda Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanından irəli gələn vəzifələrdən danışılıb, torpaqlardan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti tədbirlərinin gücləndirilməsi ilə bağlı görülən tədbirlər barədə məlumat verilib.

Forumda torpaq münasibətlərinin tənzimlənməsi, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətində müasir dövrün çağırışları nəzərə alınaraq, yeni prinsiplərin və mexanizmlərin tətbiqi barədə ətraflı məlumat verilib. Yerli icra hakimiyyəti, bələdiyyələr, fiziki, hüquqi şəxslər və digər istifadəçilərin torpaqların istifadəsi ilə bağlı hüquq və vəzifələri nəzərə çatdırılıb. Torpaqların kateqoriyasından asılı olaraq onların istifadəsi, təyinatının dəyişdirilməsi qaydaları izah olunub. Bu sahədə normativ hüquqi aktların tələbləri, bu tələblərin pozulması halları, onları yaradan səbəb və şərait barədə söhbət açılıb.

Dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid torpaqların kateqoriyası, təyinatınazidd torpaq sahələrində tikintilərin aparılması barədə məsələlər izah olunub. Pay torpağı alan vətəndaşların xüsusi mülkiyyətlərində olan həmin torpaqlardan ümumiyyətlə istifadə etməməsi və ya təyinatınazidd istifadəsi barədə məsələlər müzakirə edilib. Qeyd olunub ki, komitə tərəfindən torpaqların təyinatının dəyişdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı ilə birgə işlər aparılır. Torpaq təyinatına uyğun istifadə edilmədikdə istifadəçidən geri alınır, yenidən dövriyyəyə qaytarılır.

Daha sonra komitənin nümayəndələri “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsini tənzimləyən normativ hüquqi aktlar, onların tələbləri, bu tələblərin pozulması halları və onları yaradan səbəb və şərait barədə” təqdimatla çıxış ediblər. Torpaq idarəçiliyində yaranan qanun pozuntularının qarşısının alınması, bununla bağlı inzibati xətalar və sanksiyalar barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, torpaq sahələrindən əsassız və qeyri-qanuni istifadə hallarının, torpaq qanunvericiliyinə zidd özbaşına tikintilərin aparılmasının qarşısının alınması istiqamətində tədbirlər gücləndirilir, monitorinqlər təşkil edilir. Monitorinqlər zamanı torpaq qanunvericiliyinin pozulmasına görə cərimələr tətbiq olunur. Diqqətə çatdırılıb ki, İnzibati Xətalar və Cinayət məcəllələrinin müvafiq maddələrinə uyğun olaraq, torpaq qanunvericiliyinin pozulmasına görə cəzalar sərtləşdirilib.

Sonda vətəndaşları maraqlandıran, torpaqla bağlı gündəlik qarşılaşdıqları məsələlərə dair suallar dinlənilib. Onlara komitənin nümayəndələri tərəfindən müvafiq qanunvericilik aktlarının tələblərinə uyğun zəruri izahatlar verilib.

Komitə tərəfindən növbəti belə maarifləndirici işgüzar forumlar Oğuz, Şamaxı, Cəlilabad, Salyan, Quba və Abşeron rayonlarında keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.