CƏMİYYƏT
Əmlak Məsələləri Dövlət Komitəsi beynəlxalq tədbirə ev sahibliyi edəcək
Bakı, 24 noyabr, AZƏRTAC
Noyabrın 28-də Bakıda “BMT-nin Avropa İqtisadi Komissiyası (AİK) regionunda daşınmaz əmlak idarəçiliyi sistemlərinin müqayisəsi və Daşınmaz Əmlak İdarəçiliyinin Qiymətləndirilməsi Proqramının icra vəziyyəti” mövzusunda beynəlxalq tədbir keçiriləcək.
Əmlak Məsələləri Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, BMT AİK-ə üzv olan 56 dövlətin nümayəndəsinin iştirak edəcəyi tədbirdə daşınmaz əmlak idarəçiliyi sistemlərinin müqayisəsi üzrə layihənin təqdimatı olacaq. Layihə milli daşınmaz əmlak idarəçiliyi sistemləri xidmətlərinin təhlili, məlumat təhlükəsizliyi, habelə fövqəladə hallarda bu məlumatların bərpa olunması üzrə təcrübələri ehtiva edir.
Bununla yanaşı, Daşınmaz Əmlak İdarəçiliyinin Qiymətləndirilməsi Proqramı çərçivəsində əmlaklar üzrə məlumatların hazırkı və yeni alternativ istifadə qaydaları barədə fikir mübadiləsi aparılacaq. Həmçinin daşınmaz əmlak idarəçiliyi üzrə Könüllü Təlimatlar Toplusunun təqdimatı keçiriləcək.