İQTİSADİYYAT


Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracları elan edib

A+ A

Bakı, 22 avqust, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən böyük özəlləşdirmə prosesində növbəti hərracları elan edib.

Komitədən AZƏRTAC-a bildirilib ki, budəfəki hərraclarda 25 səhmdar cəmiyyətinin 30 faizlik səhm paketləri, 32 kiçik dövlət müəssisə və obyekti, 16 nəqliyyat vasitəsi özəlləşdirməyə çıxarılıb. Hərraclar barədə məlumatlar komitənin rəsmi mətbu orqanı olan “Mülkiyyət" qəzetində və Özəlləşdirmə Portalında yerləşdirilib. İstənilən vətəndaş hərrac elanına baxdıqdan sonra hərraca çıxarılan dövlət əmlakı ilə bağlı Özəlləşdirmə Portalında müvafiq bölmələrdə yerləşdirilmiş məlumatlarla ətraflı tanış ola bilər. Portalda müəssisələrin, əmlakların və nəqliyyat vasitələrinin mövcud vəziyyətini əks etdirən fotolar və mətn məlumatları əksini tapıb.

Xatırladaq ki, komitə bu tədbirləri Prezident İlham Əliyevin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” 2016-cı il 19 iyul tarixli Fərmanına və bu sahədəki digər tapşırıqlarına əsasən həyata keçirir.

Hərraca çıxarılan səhmdar cəmiyyətlərin fəaliyyət profili iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən aqrar, sənaye, inşaat, xidmət, nəqliyyat sahələrinə aiddir. Bu müəssisələr respublikanın müxtəlif şəhər və rayonlarında yerləşir, hər bir səhmdar cəmiyyət barədə ətraflı məlumatla http://privatization.az/index.php/az/sas-s-hif/2016-05-24-10-18-36/mue-ssis-l-r/uemumi-siyah linkdə tanış olmaq olar.

Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin əksəriyyəti Bakının Sabunçu, Xəzər və Qaradağ rayonlarında yerləşir. Eyni zamanda, Abşeron, Sumqayıt, Mingəçevir və Şəkidə yerləşən obyektlər də budəfəki hərraclarda özəlləşməyə çıxarılıb. Kiçik dövlət müəssisə və obyektləri barədə müvafiq məlumatlarla http://privatization.az/index.php/az/sas-s-hif/2016-05-24-10-18-36/kidzhik-doevlaet-muaessisae-vae-obyektlaeri linkində tanış olmaq mümkündür.

Komitə tərəfindən özəlləşdirməyə çıxarılan 16 nəqliyyat vasitəsi barədə foto və mətn məlumatları komitənin Özəlləşdirmə Portalında, nəqliyyat vasitələri bölməsində yerləşdirilib. Hərracda iştirak etmək istəyən vətəndaş isə bu barədə ətraflı məlumatı http://privatization.az/index.php/az/sas-s-hif/2016-05-24-10-18-36/naezhliyyat-vasitaelaeri linkindən ala bilər.

Hərraclarda iştirak hazırda daha rahatdır və komitə tərəfindən şəffaf hərraclar keçirilir. Hərrac prosesi ilə tanış olmaq istəyən hər bir vətəndaş “açıq hərrac”larda gəlib iştirak edə bilər. ƏMDK yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir. Qarşıdakı dövrdə də çoxlu sayda dövlət əmlaklarının mərhələli şəkildə özəlləşdirməyə çıxarılması davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.