REGİONLAR
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri şimal bölgəsindən olan vətəndaşları qəbul edib VİDEO
Qusar, 2 fevral, AZƏRTAC, Elxan Yusifli
Fevralın 2-də Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində şimal bölgəsindən olan vətəndaşları qəbul edib.
AZƏRTAC xəbər verir ki, qəbulda Quba, Qusar, Xaçmaz və Şabrandan olan vətəndaşlar iştirak edib. Müraciət və təkliflər əsasən torpaq sahələrinin, fərdi evlərin və mənzillərin, eləcə də kommersiya məqsədilə istifadə olunan qeyri-yaşayış sahələrinin qeydiyyatı ilə bağlı olub. Vətəndaşlar bu istiqamətdə zəruri hüquqi yardımın göstərilməsi, qarşılaşdıqları çətinliklərin aradan qaldırılması xahişi ilə komitə sədrinə müraciət ediblər. Bir neçə müraciət dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı olub.
Komitə sədri sakinlərin müraciətlərinin tez bir zamanda həlli üçün tapşırıqlar verib. Vətəndaşlara onların qaldırdıqları məsələlərlə bağlı hüquqi tələblər izah edilib, araşdırması tələb olunan müraciətlər isə qeydiyyata alınıb.
Komitə sədri tərəfindən həmin gün birbaşa müraciət edən vətəndaşlar da qəbul olunub və hər bir müraciətə diqqətlə yanaşılıb.