SİYASƏT
Əmman şəhərində Asiya və Ərəb parlamentarilərinin forumu keçirilib
Bakı, 21 iyul, AZƏRTAC
İyulun 18-20-də Asiya Əhalisi və İnkişaf Assosiasiyasının təşkilatçılığı və İordaniya Senatının təşəbbüsü ilə İordaniya Haşimilər Krallığının paytaxtı Əmman şəhərində Asiya və Ərəb parlamentarilərinin Forumu təşkil edilib.
Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Forumun təşkilati məsələlərinə Yaponiya Fondu, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu və Planlaşdırılmış Valideynlik üzrə Beynəlxalq Federasiya kimi qurumlar tərəfindən xüsusi dəstək verilib.
Forumda müzakirə edilən əsas məsələlər əhali və inkişaf mövzusuna həsr olunub. İordaniya parlamentinin üzvləri ilə bərabər, Forumda Yaponiya, Əlcəzair, Misir, Filippin, Tunis, Qırğızıstan, Tailand, Bəhreyn, Hindistan və Malayziyadan olan deputatlar mövzu ilə əlaqədar çıxış edib.
Azərbaycan Respublikasını həmin Forumda Milli Məclisin deputatı Şahin İsmayılov təmsil edib. Forumun ilk günündə keçirilən qarşılıqlı görüşlər zamanı Ş.İsmayılov Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən danışıb və bu siyasətin bir sıra ölkələr üçün nümunə olduğunu vurğulayıb. Deputat, həmçinin Forum iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu barəsində ətraflı məlumat verib.
Ş.İsmayılov qeyd edib ki, 2011-ci ildən fəaliyyət göstərən fond bu müddət ərzində 3000-ə yaxın layihəni dəstəkləyib. Bu layihələrə yerli, beynəlxalq, fərdi şəxslərin, eləcə də müxtəlif təşkilatların layihələri də daxil olub.
Milli Məclisin deputatı Şahin İsmayılovun çıxışı xüsusi maraqla qarşılanıb və iştirakçı ölkələrin deputatları tərəfindən müxtəlif suallar ünvanlanıb. Danışıqlar zamanı qarşılıqlı şəkildə görülə biləcək işlər və keçirilə biləcək layihələr barədə ətraflı müzakirələr aparılıb.