SİYASƏT
Amnistiya aktı haqqında qərarın Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində icrasına başlanılıb VİDEO
Bakı, 15 iyun, Məmməd İsayev, Məhərrəm Əlioğlu, AZƏRTAC
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” parlamentin qərarının Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən iyunun 15-də icrasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, Amnistiya aktı haqqında Qərarın icrası Ədliyyə Nazirliyinin məsul əməkdaşlarının, Penitensiar Xidmətin rəhbərliyinin, ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin, Ombudsman Aparatının, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə həyata keçirilib.
Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları məhkumların saxlanıldıqları cəzaçəkmə müəssisələrində olub, Amnistiya haqqında Qərarın vaxtında icrasını təmin ediblər.
İyunun 15-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabeliyindəki 30-dan artıq cəzaçəkmə müəssisindən 350 məhkum azadlığa buraxılıb.
Bununla əlaqədar keçirilən tədbirlərdə çıxış edənlər amnistiya şamil olunan şəxslərin bu humanist aktdan düzgün nəticə çıxaracaqlarını, Azərbaycan dövlətinin qanunlarına əməl edəcəklərinə və cəmiyyətimiz üçün bundan sonra faydalı, layiqli vətəndaş olacaqlarına, bir daha qanun pozuntularına yol verməyəcəklərinə əminliklərini bildiriblər. Amnistiya aktı Azərbaycan vətəndaşının hüquqlarının qorunması istiqamətində həyata keçirilən dövlət siyasətinin tərkib hissəsi kimi xarakterizə edilib. Çıxış edənlər azad olunan şəxslərə və onların ailə üzvlərinə Milli Qurtuluş Günü münasibətilə təbriklərini çatdırıblar.
Penitensiar Xidmətin rəhbərliyi cəzaçəkmə müəssisələrində amnistiya aktının əhatə etdiyi şəxslərə azad olunmaları barədə buraxılış vərəqələrini təqdim edib.
Amnistiya aktına əsasən azadlığa çıxan şəxslər və onları qarşılamağa gəlmiş ailə üzvləri, yaxınları göstərdiyi humanistliyə və neçə-neçə ailələrə səadət, sevinc bəxş etdiyinə görə Prezident İlham Əliyevə və birinci xanım, Milli Məclisin deputatı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Nizaməddin Cəlilov jurnalistlərə bildirib ki, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar qəbul olunub. İyunun 15-dən qüvvəyə minən qərarın Penitensiar Xidmətin müəssisələrində icrasına başlanılıb. Qərar 10 min nəfəri əhatə edir. Onlardan 3500-ə yaxın şəxs cəzaçəkmə müəssisələrindən azad ediləcək. Qərarın ümumi icra müddəti dörd aydır.