SİYASƏT
Amos Hokstayn: “Cənub” qaz dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmini üçün çox vacibdir
AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 20-də ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstayn jurnalistlərə müsahibəsində deyib.
A.Hokstayn Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyi, “Cənub” qaz dəhlizinin təməlinin qoyulması ilə bağlı mərasimdə iştirak etməkdən çox məmnun olduğunu söyləyib.
Gələcəkdə “Cənub” qaz dəhlizinə daha böyük ölkələrin və şirkətlərin qoşulacağına inandığını deyən Dövlət Departamentinin xüsusi nümayəndəsi ABŞ-ın bu layihənin reallaşmasında Azərbaycanı tam dəstəklədiyini, uğurun reallığa çevrilməsi üçün önəmli addımın atıldığını vurğulayıb.
Azərbaycan ilə ABŞ arasında güclü strateji əlaqələrin mövcud olduğunu diqqətə çatdıran Dövlət Departamentinin nümayəndəsi bu münasibətlərin gələcəkdə daha da dərinləşəcəyinə əmin olduğunu söyləyib.
A.Hokstayn rəsmi Vaşinqtonun Azərbaycan ilə bir çox sahələrdə, xüsusilə enerji sahəsində əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb.