ELM VƏ TƏHSİL
“Ən yaxşı dərs”lər dinlənilir
Bakı, 22 may, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində Təlimə Dəstək Mərkəzi tərəfindən “Ən yaxşı dərs”lər dinlənilir.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, “Ən yaxşı dərs”lər I-XI siniflərdə bütün fənlər üzrə təşkil olunur.
“Ən yaxşı dərs”lərin məqsədi təhsildə uğurlu nəticələr əldə edən qabaqcıl, yüksək nailiyyətlər qazanan müəllimlərin təcrübəsini digər həmkarları ilə bölüşməsini təmin etməkdir. Təcrübə mübadiləsi, bütün fənlərin tədris səviyyəsinin nümayiş etdirilməsi, dərsin planlaşdırılması, qiymətləndirilməsi və bu istiqamətdə müzakirələrin aparılması da əsas komponentlərdəndir.
Uğurlu nəticələr əldə etmiş məktəblərin və fənn müəllimlərinin qabaqcıl təcrübəsinin təbliği istiqamətində keçirilən “Ən yaxşı dərs”lər bütün məktəblərdə eyni vaxtda başlanılır.
“Ən yaxşı dərs”lərin dinlənilməsi mayın sonunda yekunlaşacaq.