REGİONLAR
“Ən yaxşı göycə” müsabiqəsinin qaliblərinə diplomlar təqdim olunub
Naxçıvan, 5 iyun, AZƏRTAC
Naxçıvan şəhərində keçirilən ikinci “Göycə” festivalının son günündə də tədbirə böyük maraq olub.
AZƏRTAC xəbər verir ki, səhər saatlarından Naxçıvanqalanın geniş ərazisində yüzlərlə Naxçıvan sakini və şəhərdəki turistlər göycə sərgiləri ilə tanış olmaq üçün bura axın ediblər.
Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin “Şəlalə”, Naxçıvan Musiqi Kollecinin “Gənclik” instrumental musiqi ansambllarının ifaları festival iştirakçılarında xoş ovqat yaradıb.
Muxtar respublikada göycənin ən çox yetişdirildiyi Şərur, Babək, Kəngərli, Culfa və Ordubad rayonlarından 200-dən çox bağbanın gətirdiyi meyvələrə böyük maraq olub. Tədbirin ikinci günü 20 tondan çox göycənin satışa çıxarıldığı festivalda vətəndaşlara nümunəvi xidmət göstərilib.
Tədbirin sonunda “Ən yaxşı göycə” müsabiqəsinin qaliblərinə diplomlar təqdim olunub. Müsabiqənin nəticələrinə əsasən Şərur rayonunun Danyeri kənd sakini Yaqub Həsənov I, Naxçıvan şəhər sakini Vidadi Quliyev II, Babək rayonunun Şıxmahmud kənd sakini Nüsrəddin Musayev III-cü yerə layiq görülüblər. Münsiflər heyətinin qərarına əsasən əlavə bir həvəsləndirici yer də müəyyənləşdirilib. Həmin yerin sahibi Ordubad rayonunun Sabirkənd sakini Xəlil Fərəcov olub.