CƏMİYYƏT
“Ana dilimizin aktual problemləri” mövzusunda elmi konfrans
Naxçıvan, 25 may, AZƏRTAC
Bu gün ana dilimiz xalqımızın tarixi rəmzi, simvoludur. Bu mənada hamımız milli sərvətimiz olan ana dilimizin daim keşiyində durmalı, onun qorunması sahəsində hər bir vətəndaş öz imkanları çərçivəsində əlindən gələni etməlidir. Təəssüf ki, bəzi hallarda elmi konfranslarda, mədəni-kütləvi tədbirlərdə, kütləvi informasiya vasitələrində, eləcə də elmi məqalələrdə Azərbaycan dilinin üslub və qrammatik qaydalarına riayət olunmur.
“Naxçıvan” Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu fikirlər ali təhsil ocağında “Ana dilimizin aktual problemləri” mövzusunda keçirilən elmi konfransda səsləndirilib.
Ali təhsil ocağının tədris işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli konfransın məqsəd və mahiyyətindən söhbət açıb.
Sonra universitetin Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimləri, professor Sədaqət Həsənovanın “Azərbaycan dilçiliyinin dialektologiya ilə bağlı problemləri”, Mədəd Səfərovun “Doğma dilimiz milli dəyərlərimizin özülüdür”, dosent Qənirə Əsgərovanın “Dilimizin orfoqrafik problemləri” və Nicat Yaqubovun “Azərbaycan ədəbi dilinin qorunmasında telekanalların rolu və televiziya aparıcılarının dili” mövzularında çıxışları dinlənilib.
Bildirilib ki, dövlət dilinin qorunması dövlət sərhədinin qorunması qədər vacib məsələdir və ümummilli vəzifə kimi qəbul olunmalıdır. Ana dili bizim mənəvi kimliyimiz və ən böyük milli dəyərlərimizdən biridir. Kimliyindən, hansı vəzifəni daşımasından asılı olmayaraq, ana dilini mükəmməl bilmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
Sonda tədbir iştirakçıları mövzu ilə bağlı slayda baxıblar.