CƏMİYYƏT
Ana südü ilə qidalanmanın əhəmiyyəti barədə seminar keçirilib
Sumqayıt, 12 may, Ətrabə Rzayeva, AZƏRTAC
Səhiyyə Nazirliyi ana və uşaq sağlamlığının qorunması, bu sahədə maarifləndirmə işlərinin genişləndirilməsi üçün KİV nümayəndələri üçün seminarlar təşkil edir.
AZƏRTAC xəbər verir ki, nazirliyin BMT-nin Uşaq Fondu ilə (UNICEF) əməkdaşlığı çərçivəsində həyata keçirilən ana südü ilə qidalanmanın əhəmiyyətinə dair növbəti seminar Sumqayıtda keçirilib.
Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin baş həkimi Sevinc Məmmədova, Sumqayıt şəhər səhiyyə şöbəsinin baş pediatrı, Əməkdar həkim Xalidə Quliyeva, ictimai məsələlər üzrə təlimçi Elçin Sərdarov ana südü ilə qidalanmanın həm ana, həm də uşaq sağlamlığı üçün əhəmiyyəti haqqında çıxış ediblər.
Natiqlər ana südü ilə qidalanmanın üstünlükləri və əhəmiyyəti barədə danışaraq körpənin gələcək sağlamlığında, immun sisteminin formalaşmasında onun böyük rolu olduğunu nəzərə çatdırıblar. Bildirilib ki, il ərzində ölkəmizdə 150-170 min doğuş baş verir və bunun 70-80 faizi normal fizioloji doğuşlardır. Dünyaya göz açan körpənin və ananın sağlamlığı həkimin diqqət mərkəzində saxladığı ən vacib məsələdir. Seminarda qadınların hamiləlikdən əvvəl müayinə olunmaması, mütəxəssislərdən məsləhət alması, daxili somatik xəstəliklərin vaxtında müalicə edilməməsi, hamiləlik dövrü yaşadığı ailədaxili və sosial problemlərin doğuş zamanı fəsadlar törətdiyi barədə də söhbət açılıb. Yeni doğulan körpələrin qayğısına qalmaq üçün analara yaradılan şərait və bu sahədəki dövlət qayğısından da danışılıb.
Ana südü ilə qidalanmanın vacibliyinin mətbuatda peşəkarlıqla işıqlandırılması və əhalini maarifləndirilməsində KİV nümayəndələrinin məlumatlı və hazırlıqlı olması məqsədilə seminarda suallar ətrafında fikir mübadiləsi aparılıb.
Seminar zamanı mövzu ilə əlaqədar Heydər Əliyev Fondunun Səhiyyə Nazirliyi və UNICEF-lə birgə hazırladığı videoçarx nümayiş olunub.
Növbəti seminarın Gəncə şəhərində keçirilməsi nəzərdə tutulub.