REGİONLAR


Ana südü körpənin immun sistemini gücləndirir, xroniki xəstəliklərdən qoruyur

Zaqatala, 20 may, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycanda ana və uşaq sağlamlığının qorunması müvafiq dövlət qurumlarının, o cümlədən Səhiyyə Nazirliyinin daim diqqət mərkəzindədir. Nazirlik bu sahədə həyata keçirdiyi silsilə tədbirlər sırasında maarifləndirmə tədbirlərinə xüsusi önəm verir.

AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin BMT-nin Uşaq Fondu (UNİCEF) ilə əməkdaşlığı çərçivəsində KİV nümayəndələri üçün həyata keçirilən ana südü ilə qidalanmanın əhəmiyyətinə dair növbəti seminar mayın 20-də Zaqatala Rayon Mərkəzi Xəstəxanasında reallaşıb.

Bölgənin aparıcı KİV nümayəndələrinin iştirak etdiyi seminarda ana südü ilə qidalanma sahəsində mövcud vəziyyətdən söhbət açılıb.

Tədbirdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Məcid Əliyev və Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova çıxış edərək, artıq bir neçə regionda keçirilən maarifləndirmə tədbirlərinin əsas məqsədinin ictimaiyyətin diqqətini ana südü ilə qidalandırmanın üstünlüklərinə və əhəmiyyətinə yönəltmək olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, ana südü ilə qidalanma sahəsində maarifləndirməni gücləndirmək məqsədi ilə UNİCEF və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə hər il avqust ayında və oktyabrın ilk həftələrində ana südünün üstünlüklərinə həsr edilən “Ana südü həftəsi” keçirilir. Tədbirin təşkilində əsas məqsəd ana südünün üstünlükləri, onunla qidalanmağın vacibliyi və bu sahədə ananın məsuliyyətini artırmaqdan ibarətdir.

Xəstəxananın doğum şöbəsinin müdiri, mama-ginekoloq Rəna Sultanova hər bir körpə üçün ən ideal qidanın ana südü olduğunu vurğulayıb. Bildirilib ki, ana südü körpənin inkişafı üçün lazım olan minerallar və bəsləyici elementlərlə zəngindir. Tədqiqatlar nəticəsində məlum olub ki, ana südü ilə qidalanan uşaqlar, xüsusilə tənəffüs və həzm sistemi infeksiyalarına yoluxmurlar. Ana südü körpənin immun sistemini gücləndirir və sonrakı dövrlərdə xroniki xəstəliklərdən qorumağa yardım edir.

Seminarda təlimçi Elçin Sərdarov çıxış edərək, ana südü ilə qidalanmanın həm ana, həm də uşaq sağlamlığı üçün əhəmiyyətindən danışıb.

Sonda mövzu ilə bağlı bukletlər paylanılıb.

Bu qəbildən olan seminarların digər regionlarda da keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.