REGİONLAR
Ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika əldə olunub VİDEO
Quba, 28 mart, Elxan Yusifli, AZƏRTAC
Ana ölümü hallarının azalması, yeni doğulmuş uşaqların sağlamlığının yaxşılaşdırılması, onların xəstələnmə və ölüm səviyyəsinin azaldılması, yeniyetmələrin və gənclərin sağlamlığının qorunması bu sahədə çalışan bütün tibb işçilərinin qarşısında qoyulan əsas vəzifədir.
AZƏRTAC xəbər verir ki, bu barədə martın 28-də Quba Regional Perinatal Mərkəzində keçirilən IV Şimal Regional Konfransında danışılıb.
Regional konfransda Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarındakı tibb müəssisələrində işləyən 40 nəfərə yaxın mama-ginekoloq və neonatoloq iştirak edib.
Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova bildirib ki, ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı çərçivəsində bir çox layihələr tətbiq olunur. Bu layihələrin tətbiqi nəticəsində ana və uşaqlara xidmət göstərən tibb müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, dərman preparatları və tibbi texnika ilə təminat yaxşılaşdırılır. Hazırda bölgələrdə 6 Regional Perinatal Mərkəz fəaliyyət göstərir. Respublikamızda həyata keçirilən bu tədbirlər nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika əldə edilib.
Quba Perinatal Mərkəzinin direktoru Şəhla Həsənova ana və uşaqların sağlamlığının qorunması ilə bağlı müxtəlif səpkili tədbirlərin vaxtaşırı paytaxt Bakı ilə yanaşı, regionlarda da təşkilinin əhəmiyyətindən danışıb. Bildirilib ki, IV Şimal Regional Konfransında vacib mövzular üzrə səsləndirilən məruzələr, ekspert fikirləri bölgədə çalışan mama-ginekoloq və neonatoloqlar üçün bu sahədəki yeniliklərdən xəbər tutmaq, praktik vərdişlərə yiyələnmək baxımından əlavə imkanlar yaradır.
Regional konfrans çərçivəsində iştirakçılara “Hamiləlikdə rezus-izoimmunizasiya üzrə klinik protokol” təqdim olunub.
Daha sonra konfransda hamiləlikdə rezus klinik protokol “Rh mənfi amili və hamiləlik”, “Yenidoğulmuşların hiper bilerubinemiyaları” və “Yenidoğulmuşların ilkin reanimasiyası. Praktik vərdişlər” mövzularında məruzələr dinlənilib. Tədbir iştirakçısı olan mama-ginekoloq və neonatoloqlar praktik təlimlərə cəlb ediliblər.
Ekspertlər yenidoğulmuşların ilkin reanimasiyası ilə bağlı təqdimatlar ediblər.
Konfransın sonunda iştirakçıların sualları cavablandırılıb.