DÜNYA
Anadolu xəbər agentliyi fotoxəbər sərgisində iştirak edəcək
Bakı, 31 avqust, Ceyhun Alışov, AZƏRTAC
Türkiyənin Anadolu xəbər agentliyi Fransanın Perpignan şəhərində təşkil olunan 27-ci "Visa pour l'Image" (xəbər fotoları) festivalında təmsil olunur.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, festivalda agentlik dünyanın hər yerində xəbər fəaliyyətini əks etdirən fotolarını sərgiləyəcək.
Sentyabrın 6-dək davam edəcək festivalı 150 min yerli və xarici turistin ziyarət edəcəyi bildirilir. Agentliyin yayım rejissoru Ahmet Sel bildirib ki, festivalda beynəlxalq fotomüxbirlərin dünyada və regionda baş verən bütün mövzularla bağlı xəbər fotoları nümayiş olunacaq. Festivalda həmçinin agentliyin 2015–ci ilə aid olan xəbər fotoları qonaqlara təqdim olunacaq. "Anadolu xəbər agentliyinin dünyanın dörd bir yanında olan fotomüxbirləri hər gün 2 mindən artıq şəkil çəkirlər və bunlar dünyanın qabaqcıl informasiya agentlikləri vasitəsilə də yayımlanır. Bu, fotomüxbirlərimizin zəhməti, Türkiyənin ən köklü qurumu olan Anadolu agentliyinin isə uğurudur", - deyə Ahmet Sel bildirib.
Qeyd edək ki, Anadolu agentliyi ikinci dəfədir bu festivalda iştirak edir.