CƏMİYYƏT
Analitik Ekspertiza Mərkəzi: İstifadə təlimatı Azərbaycan dilində olmayan dərman vasitələrinin idxalına icazə verilməyəcək VİDEO
Bakı, 12 oktyabr, AZƏRTAC
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi dərman vasitəsi idxalçılarına və xarici istehsalçı müəssisələrin rəsmi nümayəndəliklərinə xəbərdarlıq edib.
Xəbərdarlıqda bildirilir ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən dərman vasitələrinin qiymətləndirilməsi prosesi ilə bağlı keçid dövrü artıq yekunlaşıb. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanunu və Nazirlər Kabinetinin 2007-ci il 13 iyul tarixli Qərarı ilə təsdiq olunmuş “Dərman vasitələrinin dövlət qeydiyyatı və reyestrinin aparılması Qaydaları”na əsasən dərman vasitələrinin istifadəsinə aid təlimat Azərbaycan dilində olmalıdır.
Bununla əlaqədar 2017-ci il yanvarın 1-dən etibarən istifadə təlimatı Azərbaycan dilində olmayan və Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən təsdiqlənməmiş dərman vasitələrinin idxalına icazə verilməyəcək.