DÜNYA
Analitiklər süni intellekt texnologiyaları bazarında artım proqnozlaşdırır
Bakı, 27 avqust, AZƏRTAC
“Tractica” analitik şirkəti qlobal süni intellekt texnologiyaları bazarında kəskin artım proqnozlaşdırır.
AZƏRTAC “www.dailycomm.ru” saytına istinadən xəbər verir ki, 2016-cı ildə 643.7 milyon ABŞ dolları məbləğində gəlirin əldə ediləcəyi, 2025-ci ilə bu göstəricinin 36.8 milyard dollara yaxınlaşacağı gözlənilir.
Qeyd edək ki, mütəxəssislər süni intellekt dedikdə kompyuter təlimi (“machine learning”), dərin təlim (“deep learning”), kompyuter görməsi (“computer vision”), təbii dilin emalı (“Natural Language Processing”, “NLP”) və kompyuter düşüncəsi (“machine reasoning”) kimi müxtəlif informasiya sistemləri və texnologiyalarını nəzərdə tutur.
“Süni intellektdən istifadə üzrə bəzi ssenarilər - təsvirlərin tanınması, qiymətli kağızlarla alqoritmik ticarət və pasiyentin tibbi məlumatlarının idarə edilməsi böyük potensiala malikdir, – deyə “Tractica”nın tədqiqatlar üzrə direktoru Aditya Kaul bildirib.
Onun sözlərinə görə, həmçinin istehlak malları, biznes xidmətlər, reklam, maliyyə və investisiyalar, KİV və əyləncə, müdafiə sahəsində süni intellekt texnologiyalarının tətbiqi nəticəsində böyük gəlir əldə ediləcək.