MƏDƏNİYYƏT
“Anamın Kitabı” ədəbi mükafatının pyes müsabiqəsi elan olunub
Bakı, 20 fevral,Günel Əfəndiyeva, AZƏRTAC
Azərbaycanda milli ədəbiyyatın inkişafına dəstək məqsədi ilə “Hədəf” nəşrlərinin təsis etdiyi “Anamın Kitabı” ədəbi mükafatının pyes müsabiqəsi bu il ikinci dəfə keçiriləcək.
AZƏRTAC xəbər verir ki, layihənin ideya müəllifi filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq, müsabiqənin münsiflər heyətinin sədri isə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylidir.
Qeyd edək ki, müsabiqənin təşkilat komitəsi əsərlərin mətni üçün işarə sayı məhdudiyyətini ləğv edib.
Fevral ayında start verilən müsabiqəyə cari ilin avqustunda yekun vurulacaq. Mükafatlandırma isə sentyabrda təşkil olunacaq.
Müsabiqəyə 40 yaşadək yazarlar pyeslərini təqdim edə bilərlər. Mövzu seçimi sərbəstdir.Əsərlərin qəbuluna 21 fevralın-Beynəlxalq Ana Dili Günündə başlanılacaq və mayın 1-də başa çatacaq.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və Kitabevim.az kitab mağazaları şəbəkəsinin təşkilatçılığı ilə təşkil olunan müsabiqənin qaliblərinə qiymətli hədiyyələr təqdim olunacaq.
Müsabiqə üçün əsərləri [email protected] ünvanına göndərmək lazımdır.