SİYASƏT


Andrey Mamukin: Avropa İttifaqının əksər üzvləri Azərbaycan ilə yaxın münasibət qurduqlarına görə fəxr edirlər

A+ A

Bakı, 22 sentyabr, AZƏRTAC

Azərbaycan ilə münasibətlər Avropa İttifaqına üzv ölkələr üçün prioritetdir. Əminliklə deyə bilərəm ki, əksər ölkələr hazırda Azərbaycan ilə yaxın münasibət qurduqlarına görə fəxr edirlər.

Bu fikirləri ölkəmizdə səfərdə olan Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsinin nümayəndə heyətinin Latviyadan olan üzvü Andrey Mamukin AZƏRTAC-a müsahibəsində deyib.

Andrey Mamukin bildirib ki, Avropa Parlamentinin ötən ilin sentyabrında Azərbaycan ilə bağlı qəbul etdiyi qətnamə heç bir reallığı əks etdirmir. Prezident İlham Əliyev ilə görüşləri barədə təəssüratlarını bölüşən Avropa Parlamentinin üzvü vurğulayıb ki, dövlətimizin başçısının layihədə yer alan məlumatların yalan və qərəzli olduğunu konkret faktlarla sübuta yetirməsi onların ölkəmizlə bağlı fikirlərində əsaslı dönüş yaradıb.

O deyib: “Azərbaycan Prezidentinin bizə dedikləri tamamilə düzgündür. Prezident İlham Əliyev dörd maddə üzrə öz qeydlərini bildirdi. Baxmayaraq ki, kifayət qədər gərgin iş qrafiki var, dövlət başçısı vaxtını ayırdı və dörd maddə üzrə sözbəsöz, hərfbəhərf bu məlumatların yalan olduğunu sübut etdi. Prezident dedi ki, siz istənilən məlumatı özünüzün başa düşdüyünüz kimi qiymətləndirə bilərsiniz. Amma bu mətndə başdan-ayağa yalan məlumatlar yer alır. Həmin an mən düşündüm ki, bəlkə dövlət başçısı öz xalqını müdafiə edir. Düzü, deyilən iradlara həmin an o qədər də inanmadım. Amma təxminən bir neçə saatdan sonra sizin hüquq müdafiəçiləri ilə, qeyri-rəsmi şəxslərlə görüşdüm, - nəzərə alsaq ki, bu insanların işi haradasa səhv tapmaqdır, ölkədə qəbul olunan qərarlara qarşı çıxmaqdır, - onlar da öz fikirlərini açıq şəkildə bildirəndə ki, Avropa Parlamenti bu qətnamə ilə yalnız Prezidentə qarşı deyil, vətəndaşlara qarşı da hörmətsizlik edib, o zaman düşündüm ki, vəziyyət, yumşaq desək, yaxşı deyil. Avropa Parlamentinin bu qətnaməsi nəinki yalan və qərəzli faktlar üzərində qurulub, eyni zamanda, siyasi sənəd kimi heç bir keyfiyyətə malik deyil. Qətnamədə hər şey baş-ayaq idi. Siyasi baxımdan keyfiyyətsiz bir mətn alınmışdı. Mən öz səhvimi utanmadan etiraf edirəm. Öz adımdan Azərbaycan xalqından üzr istəyirəm. Çünki bu qətnamə sizin xalqınıza qarşı çox böyük hörmətsizlik idi. Bu, siyasi oyundur. Siyasətçilər gəlirlər və gedirlər. Biz Avropa Parlamenti olaraq əsrlər boyu Avropa xalqları, o cümlədən mənim vətənim Latviya ilə sıx əlaqələrə malik böyük bir xalqı təhqir ediriksə, mən həqiqətən utanıram”.

Yalan və qərəzli informasiyaların Avropa Parlamenti ilə Azərbaycan arasında münasibətlərə kölgə saldığını bildirən A.Mamukin bu səfərdən sonra mövcud əlaqələrin keyfiyyətcə yeni mərhələyə qədəm qoyacağına ümid etdiyini bildirib. Qeyd edib ki, bunun üçün hər iki tərəf maraqlıdır və hazırda Azərbaycanla əhatəli müqavilə üzərində işə böyük önəm verilir. Bu müqavilənin hansı şərtlə və əməkdaşlıq münasibətləri üzərində qurulacağının yolunu isə məhz Prezident İlham Əliyev dəqiq faktlarla izah etdi. “Azərbaycan Prezidenti nə etmək lazım olduğunu ətraflı söylədi. Əvvəla bu ritorikadan əl çəkmək lazımdır. Mən bununla tamamilə razıyam. Çünki həm keçmiş jurnalist, həm siyasətçi kimi deyə bilərəm ki, Azərbaycanla istənilən sahədə - siyasi, iqtisadi, sosial sahələrdə danışmaq olar. Amma ona diktə etmək mümkün deyil. Avropa Parlamentinin qəbul etdiyi qətnamənin ən böyük mənfi cəhəti yalnız faktların təhrifi deyil, - bu da böyük qəbahətdir, - həm də diktə etmək istəyidir. Biz nəyə görəsə on milyona yaxın əhalisi, zəngin tarixi və adət-ənənələri olan ölkəni öyrətmək istəyirik. Bu yanaşmadan prinsipial şəkildə qaçmaq lazımdır. Biz bunu etməliyik. Xüsusən iki günlük səfərlə bağlı təəssüratlarımdan çıxış edərək deyə bilərəm ki, biz bunu edə bilərik. Çünki onların Azərbaycana yanaşması dəyişib. Onlar istər Avropa Parlamenti, istər Milli Məclis səviyyəsində aparılan danışıqlarda öz yanaşma tərzlərini, tonlarını dəyişməkdə maraqlı görünürlər”, - deyə nümayəndə heyətinin üzvü qeyd edib.

Qonaq müsahibədə Azərbaycanın müasir çağırışlar fonunda reallaşdırdığı siyasi, iqtisadi, humanitar layihələrə, ölkəmizin multikulturalizm ənənələrinə də toxunub. Bildirib ki, Azərbaycan öz qapılarını müxtəlif dinlərin nümayəndələrinin üzünə açan yeganə müsəlman ölkəsidir. Ölkəmizin müdrik xarici siyasət yürütdüyünü deyən Andrey Mamukin bu siyasət nəticəsində Azərbaycanın uğurlu balans əldə etdiyinə diqqəti çəkib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud vəziyyəti şərh edən A.Mamukin Avropa Parlamentinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü ilə bağlı mövqeyinin də ortada olduğunu vurğulayaraq deyib: “Hətta Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin Azərbaycanla bağlı əməkdaşlıq sənədində parlamentin 2010-cu il qətnaməsinə istinad var. Mən o zaman Avropa Parlamentinin deputatı deyildim. Həmin qətnamədə göstərilir ki, Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünə hörmət edir və bu problemin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdardır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.