CƏMİYYƏT
Anestezioloqlar və reanimatoloqlar üçün təkmilləşdirmə kursu keçiriləcək
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda keçirilən tematik təkmilləşmə kurslarında tibb mütəxəssislərinin təcrübi peşə vərdişlərinə yiyələnmələrinə böyük diqqət verilir.
İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, 2014/2015-ci tədris ilində isə təkmilləşmə kursu “Regional anesteziya üzrə treninq” mövzusuna həsr olunacaq. Anestezioloqlar və reanimatoloqlar üçün nəzərdə tutulan kurs regional anesteziya sahəsində böyük iş təcrübəsi və pedaqoji stajı olan müəllimlər tərəfindən aparılacaq.
Bir həftə davam edəcək kursun əsas məqsədi həkimlərdə spinal, epidural punksiya və kateterizasiya texnikasına aid təcrübi vərdişləri formalaşdırmaqdır. Bunun üçün müasir simulyatorlardan istifadə olunacaq.
Bundan əlavə, kurs zamanı spinal anesteziya və epidural anesteziyanın inkişaf mexanizmlərinə, ağırlaşmalarına, onların müalicə və profilaktikasına, habelə regional anesteziyanın digər aktual məsələlərinə aid materialların dərindən öyrənilməsi də planlaşdırılır.