DÜNYA
Angela Merkel Avropa İttifaqını “Brexit”dən sonra birliyə çağırıb
Berlin, 19 yanvar, AZƏRTAC
“Brexit”dən sonra Aİ ölkələri birliyi qoruyub saxlamalıdır.
Bu fikri AFR kansleri Angela Merkel çərşənbə günü səsləndirib. Bununla da Almaniya hökumətinin başçısı Böyük Britaniyanın Baş naziri Tereza Meyin bəyanatına öz münasibətini bildirib. Bundan əvvəl Tereza Mey bildirmişdi ki, London Birləşmiş Krallığın Aİ-dən çıxması barədə Brüssellə razılaşdırılmış yekun planı parlamentin hər iki palatasında səsverməyə təqdim etməyə hazırlaşır.
“Ən vacibi odur ki, Avropa özünü parçalamağa imkan verməsin”, - deyə AFR kansleri vurğulayıb. Onun sözlərinə görə, indi Britaniya hökumətinin gələcək planları barədə “dəqiq təsəvvür” yaratmaq lazımdır ki, bunu da Londonla “çox intensiv əlaqələr” vasitəsilə əldə etmək mümkün olacaq.
Kansler bu barədə AFR Nazirlər Kabineti yanında “Brexit” nəticələri üzrə xüsusi komitənin iclasından sonra bəyanat verib. AFP agentliyinin məlumatına görə, iclasda London və Brüssel arasında Böyük Britaniyanın Aİ-dən çıxması barədə danışıqlara hazırlıq məsələsi müzakirə edilib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin