İDMAN


Aniş Qiri: Azərbaycanda ənənələrə, tarixə hörmətlə yanaşılması sevindirici haldır

A+ A

Bakı, 6 sentyabr, AZƏRTAC

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının dördüncü turunda İngiltərəni 3,5:0,5 hesabı ilə məğlub edən Hollandiya millisi dörd turdan sonra maksimum nəticə göstərərək üçüncü pillədə qərarlaşıb. İngiltərə ilə görüşdə birinci lövhədə yarışan Aniş Qiri Maykl Adamsla heç-heçə edib.

AZƏRTAC xəbər verir ki, Aniş Qiri komandasının ilk dörd turdakı çıxışını dəyərləndirərkən deyib: “Hollandiya Olimpiadanın favoriti hesab olunmur. Biz ilk dörd turda qələbə qazansaq da, mübarizə hələ qabaqdadır. Hazırkı heyətimiz inkişaf edən komanda hesab olunur. Heyətdə təcrübəli və gənc qrossmeysterlər yer alıb. Olimpiadada ən çətin oyunlarımız qarşıdadır”.

Hollandiya yığmasının üzvü Azərbaycan paytaxtında keçirilən yarışın təşkilatçılığı barədə qeyd edib: “Ötən il Bakıda keçirilən dünya kubokunda yarışmışdım. Həmin vaxt şəhərlə tanış olmaq üçün kifayət qədər vaxtım var idi. Müasir binaların İçərişəhərlə harmoniyası məni valeh edir. Azərbaycanda ənənələrə, tarixə hörmətlə yanaşılması sevindirici haldır. İnsanların piyada gəzməsi, ilk növbədə, Bakı bulvarı məni özünə cəlb edir. Orada dəfələrlə olmuşam”.

Hollandiya millisi Bakı Şahmat Olimpiadasında Vladimir Tukmakovun rəhbərliyi ilə çıxış edir. Bu mütəxəssis isə A.Qiriyə yaxşı tanışdır. Çünki vaxtı ilə onun da çıxış etdiyi “SOCAR-Azerbaijan” komandasının kapitanı V.Tukmakovdur. Bu barədə danışan şahmatçı deyib: “Klub və millidəki iş fərqlidir. “SOCAR-Azerbaijan”ın heyətində ulduzlar çıxış edir. Halbuki Hollandiya millisi favorit hesab olunmur. Məşqçinin uğuru uzunmüddətli perspektivə hesablanıb. Onun bacarığı şahmatçını kəşf etmək və yeni səviyyəyə çatdırmaqdır”.

A.Qiri əsasən üç ölkədə - Hollandiyada, Rusiyada və Gürcüstanda yaşayır. Sonuncu ölkənin seçilməsi təsadüf deyil. Çünki onun həyat yoldaşı gürcüstanlı şahmatçı Sopiko Quramişvilidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.