DÜNYA


Ankara Tehran və Moskva ilə mövqelərini uzlaşdırır

Berlin, 10 yanvar, AZƏRTAC

“Alman dalğası” (“Deutsche Welle”) nəşri Ankaranı Suriya ilə bağlı mövqeyində dəyişikliklər etməyə təhrik edən səbəblərdən yazır. Rusiya, İran və Türkiyənin iştirakı ilə Suriyaya dair sülh danışıqlarının başlanması haqqında razılaşmalar əldə olunandan sonra Ankara Dəməşq ilə münasibətlərində yeni səhifə açır. Hafiz Əsəd rejiminin ölkədə sülhün bərqərar edilməsi prosesində mühüm oyunçulardan biri olduğunu etiraf edən Türkiyə razılaşır ki, hələ 2011-ci ildə başlanmış vətəndaş müharibəsi danışıqlar yolu ilə başa çata bilər.

Agentlik Türkiyə XİN-in adı çəkilməyən əməkdaşının “Biz buna inanırıq və yalnız buna görə İran və Rusiya ilə danışıqlara başladıq” sözlərini sitat gətirib. Türkiyə XİN-in əməkdaşı İran, Rusiya və Türkiyə xarici siyasət idarələrinin başçılarının 2016-cı il dekabrın 20-də Moskvada baş tutan görüşünün əhəmiyyətini vurğulayaraq deyib: “Görüş son dərəcə əhəmiyyətli oldu: razılaşma əldə etməsəydik, Suriyada sülhün bərqərar edilməsi barədə ümidlərimiz puç olacaqdı”.

Nəşr etiraf edir ki, Moskva görüşü Suriyada atəşkəs haqqında sazişin imzalanması üçün əsas olub. Sülh danışıqları yanvarın 23-də Qazaxıstanın paytaxtı Astanada başlayacaq. Türkiyə, İran və Rusiya bu danışıqlarda qarant rolunda çıxış edəcəklər. Rəsmi Dəməşq öz nümayəndə heyətinin tərkibini yanvarın 15-də, Suriya müxalifəti isə yanvarın 16-da açıqlamağı planlaşdırırlar.

Sonra agentlik qeyd edir ki, Ankaranın diplomatik töhfəsi “Suriyanın ərazi bütövlüyünün müdafiə olunmasını, bütün etnik qrupların və dini cərəyanların maraqlarını təmsil edən administrasiyanın yaradılmasını, habelə möhkəm sülhün bərqərar edilməsini” nəzərdə tutur.

Nəşr bu məqsədlərin reallıq dərəcəsindən və Türkiyənin mümkün müttəfiqlərindən söz açaraq, Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin (ORSAM) eksperti Oytun Orxanın sözlərini sitat gətirir. Onun fikrincə, Türkiyə indiki rejimin regionda mühüm rol oynaması və vətəndaş müharibəsinin yalnız danışıqlar yolu ilə dayandırıla biləcəyi faktı ilə razılaşıb. O, diqqəti belə bir məsələyə yönəldib ki, Ankaranın Suriyada başlıca prioriteti hələlik terrorizmə qarşı mübarizədir. “Fərat qalxanı” əməliyyatını bundan sonra da müvəffəqiyyətlə həyata keçirmək üçün Ankaranın da H.Əsəd rejiminə qarşı mübarizə aparan Suriya Azad Ordusunun (SAO) dəstəyinə ehtiyacı var.

O.Orxanın sözlərinə görə, hazırda sazişin “Suriyanın ərazi bütövlüyünün müdafiəsinə” dair bəndi xüsusi əhəmiyyət kəsb edir. Razılaşmalar əldə olunandan sonra Suriyanın şimalında kürd xalq özünümüdafiə dəstələrinin (YPG) nəzarətində olan muxtar mahalın mövcudluğu qeyri-mümkün olacaq ki, bu da öz növbəsində ABŞ-ın kürdlər ilə bağlı indiki siyasəti əleyhinə yeni cəbhə formalaşdırmaq deməkdir. Bu cəbhə İran, Türkiyə və Rusiyadan ibarət olardı.

O.Orxan əlavə edib: ”Bax buna görə Trampın fəaliyyəti çox əhəmiyyətli olacaq. Hətta Tramp administrasiyasının öz diqqətini “İslam Dövləti”nə qarşı mübarizə üzərində cəmləşdirəcəyi və bununla da Türkiyənin mövqelərini möhkəmləndirəcəyi əlamətlərinə baxmayaraq, ABŞ-ın YPG barəsində müsbət dalğaya köklənməsi eyni zamanda Türkiyəni də cavab tədbirləri görməyə təhrik edəcək”.

Başqa bir ekspert, Yaxın Şərq Texniki Universitetinin (Astana) professoru Hüseyn Bağçı hesab edir ki, Türkiyə H.Əsədin hakimiyyətdən kənarlaşdırılmasına yönələn siyasətini dəyişib və onu qoşunların çıxarılmasına yönələn əməkdaşlığa çevirib. H. Bağçı qeyd edir ki, Türkiyənin belə çevik davranması və onun Astana danışıqlarında iştirakı regionda sülhün əldə olunması yolunda çox mühüm addımdır. Professorun proqnozlarına görə, Rusiya danışıqlarda aparıcı rol oynayacaq. O, fikrini belə tamamlayıb: “Ancaq Türkiyənin H.Əsəd rejimi ilə danışıqlar aparmağa razılaşması, - hətta nəzərə alınsa ki, danışıqlarda onun özü deyil, yığma nümayəndə heyəti iştirak edəcək, - regionda böyük dəyişikliklər vəd edir”.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.