ELM VƏ TƏHSİL
Ankarada 28 May – Respublika Günü qeyd olunub
Bakı, 29 may, AZƏRTAC
Ankarada 28 May - Respublika Günü münasibətilə “Cümhuriyyət bayramı” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Türkiyə Azərbaycan Tələbə Birliyi TOBB İqtisadiyyat və Texnologiyalar Universitetində çalışan Toğrul İsmayıl, Azərbaycan Kültür Dərnəyi, Tarihdaş Millətlər və Topluluqlar Dərnəyi, Ekoavrasiya Dərnəyi (Avrasiya İqtisadi Münasibətlər Dərnəyi) və Türkiyə KAMU-Senin dəstəyi ilə keçirilib.
Tədbirdə Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə iştirak edib.
Əvvəcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Türkiyə Azərbaycan Tələbə Birliyinin həmsədri Kamran Şamil Respublika Gününün tarixi əhəmiyyətindən bəhs edib.
Azərbaycanın Türkiyədəki səfirliyinin ikinci katibi Şöhrət Mustafayev bayram münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qısa dövr ərzində gördüyü işlərdən danışıb, 1991-ci ildə müstəqilliyini yenidən bərpa edən dövlətimizin təməlində AXC-nin dövlətçilik prinsiplərinin olduğunu bildirib.
Məhəmməd Əmin Rəsulzadənin 1949-cu ildə Ankarada qurduğu Azərbaycan Kültür Dərnəyinin idarə heyətinin üzvü Səlcuq Önal M.Ə Rəsulzadənin Azərbaycan naminə göstərdiyi fəaliyyətdən ətraflı danışıb.
Sonra Rais Rəsulzadə mövzu ilə bağlı geniş çıxış edib.
Tədbir müzakirələrlə davam edib.
Daha sonra bilik yarışması keçirilib, qaliblər mükafatlandırılıblar.