CƏMİYYƏT


Ankarada Azərbaycan dövlət müstəqilliyinin bərpasına həsr olunan konfrans keçirilib

A+ A

Ankara, 30 oktyabr, AZƏRTAC 

Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının (TADDEF) təşkilatçılığı ilə Ankarada “İyirmi beş ildə “Bir millət, iki dövlət” düşüncəsinin təsirləri” mövzusunda konfrans keçirilib.

Tədbirdə Azərbaycanın Ankaradakı səfirliyinin əməkdaşları, qardaş ölkələrimizin ziyalıları, elm xadimləri, diaspor təmsilçiləri, QHT-lərin və KİV-lərin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Türkiyənin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, hər iki ölkənin dövlət himləri səsləndirilib.

TADDEF-in fəxri sədri Yücel Artantaş, Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Ramil Qurbanov, qardaş ölkənin sabiq xarici işlər naziri Murat Karayalçın, professor Aygün Attar və başqaları tədbirdə məruzələrlə çıxış ediblər.

Konfransda ölkəmizin dövlətçilik tarixi, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, fəaliyyəti və süqutu, XX əsrin sonlarında dövlət müstəqilliyimizin bərpası, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi, Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmlənməsinin əhəmiyyəti və digər məsələlərdən bəhs olunub.

Tədbir iştirakçılarına “Heydər Əliyev” və “İlham Əliyev” nəşrləri ilə yanaşı, “İrs-Miras” beynəlxalq jurnalı və ölkəmizlə bağlı digər materiallar hədiyyə edilib.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.