CƏMİYYƏT
Ankarada Beynəlxalq Palliativ Qulluq Konqresi keçirilir
Bakı, 12 may, AZƏRTAC
Türkiyənin Səhiyyə və Sosial Xidmətlər Dərnəkləri Federasiyası Ankara şəhərində Beynəlxalq Palliativ Qulluq Konqresi keçirir. Konqresin məqsədi son üç ildə Türkiyədə tətbiq olunan palliativ qulluq modelləri haqqında ictimaiyyət, özəl sektor və universitet nümayəndələri ilə fikir mübadiləsi aparmaq, eyni zamanda, palliativ qulluğun tətbiqinə həsr olunan təqdimatları iştirakçıların nəzərinə çatdırmaqdan ibarətdir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə səhiyyə xidmətlərində inteqrasiya modeli, Türkiyədə palliativ qayğının hazırkı vəziyyəti, ölkənin dövlət və özəl xəstəxanalarında, habelə digər ölkələrdə palliativ yardım və onunla bağlı yaranan problemlərdən ətraflı bəhs olunacaq. Konqresdə Dünya Səhiyyə Təşkilatından və müxtəlif ölkələrdən gələn 100-ə yaxın mütəxəssis iştirak edir. İştirakçılar arasında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları Nabil Seyidov və Tofiq Musayev də var.
Palliativ yardım xəstənin ağrılarının azaldılmasına, həyatının son günlərini mümkün qədər rahat yaşamasına kömək məqsədilə həyata keçirilir. Palliativ yardım sistemi əlillərə, ahıllara, ağır yataq xəstələrinə, xəstəliyin ağır və geridönməz mərhələsində olanlara, onların ailələrinə göstərilən xidmətlərdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda hər ailə orta hesabla 10 ildə bir dəfə sağalmaz xəstəyə qulluq edir və hazırda ölkəmizdə 45 min nəfərin palliativ yardıma ehtiyacı olan var.
Konqres sabah öz işinə yekun vuracaq.