İQTİSADİYYAT
Ankarada İƏT-in Regional Əlaqələndirmə Mərkəzinin 2-ci Rəhbər Komitə Proqramının iclası keçirilib
Bakı, 20 fevral, AZƏRTAC
Ankarada İƏT/FAO-nun Ərzaq Təhlükəsizliyinə dair Regional Proqramının reallaşdırılması üzrə İƏT-in Regional Əlaqələndirmə Mərkəzinin (ECO-RCC) 2-ci Rəhbər Komitə Proqramının iclası keçirilib. İclasda Azərbaycanı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev təmsil edib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, C.Quliyev iclasda çıxış edərək regionda əhalinin etibarlı ərzaq təminatına olan təhdidlərin yumşaldılması üçün qida israfçılığına qarşı mübarizə, kənd təsərrüfatı məhsullarının istehsalı zamanı iqlim şərtlərindən asılılığın aradan qaldırılması, laboratoriya heyətinin yenidən hazırlanması və inteqrir mübarizə tədbirlərinin tətbiqi layihələrinin həyata keçirilməsinin vacibliyindən danışıb.
İclas çərçivəsində milli ərzaq təhlükəsizliyi proqramının inkişafına dair təqdimatlar keçirilib, ECO- RCC-nın iş prinsiplərinin təhlili, təsdiqi və üzv dövlətlərin ehtiyaclarının qiymətləndirilməsi məqsədi ilə RPFS-ın aparıcı komponentləri olan buğdanın keyfiyyətinin yaxşılaşdırılması üzrə əlaqələndirilmiş tədqiqat, regional toxum tədarükünün gücləndirilməsi, ziyanvericilərə qarşı mübarizə tədbirləri, otlaqların bərpası, inkişafı və s. mövzularda müzakirələr aparılıb.
Türkiyə, İran, Türkmənistan, Tacikistan, Qırğızıstan, Pakistan, Əfqanıstan, Kipr və s. ölkələrin kənd təsərrüfatı üzrə səlahiyyətli nümayəndələrinin iştirak etdiyi tədbirdə üzv dövlətlərdə ərzaq təhlükəsizliyinin vəziyyəti müzakirə edilib, mövcud problemlərin aradan qaldırılması məqsədilə regionda qlobal layihələrin həyata keçirilməsinin zəruriliyi bildirilib.
Səfər çərçivəsində Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi C.Quliyev Türkiyənin aidiyyəti qurumları ilə görüşlər keçirib.