QAN YADDAŞI
Ankarada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
Ankara, 23 fevral, АZƏRTAC
Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən təşkil olunan tədbirlər çərçivəsində fevralın 23-də Ankaranın Qızılcahamam rayonunda yerləşən Xocalı Abidə və Muzey Kompleksində anım mərasimi keçirilib.
Mərasimdə səfirliyin əməkdaşları, Türkiyənin yüksək vəzifəli şəxsləri, Ankarada təhsil alan tələbələrimiz, diasporun və ictimaiyyətin nümayəndələri ilə yanaşı, çoxlu sayda KİV və QHT təmsilçisi, Qızılcahamam rayonunun sakinləri iştirak ediblər.
Əvvəlcə Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Sonra Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovun, Qızılcahamam rayon bələdiyyəsinin sədri Muhittin Güneyin, Türkiyənin Xarici İşlər Nazirliyinin ikitərəfli münasibətlər üzrə baş direktoru Şefik Vural Altayın, Xocalı sakini Məmməd Nağıyevin, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçunun, Ədalət və İnkişaf Partiyasının İğdırdan olan millət vəkili Nurettin Arasın çıxışları dinlənilib.
Səfir Faiq Bağırov bildirib ki, Xocalı Abidə Muzey Kompleksi Azərbaycan və Türkiyənin ortaq qan yaddaşını nümayiş edir. Ona görə də Xocalı soyqırımın izləri həmişə xalqlarımızın şüurunda özünü qorumalıdır.
Xocalı soyqırımı və ümumiyyətlə, ermənilərin Azərbaycan və türk xalqlarına qarşı törətdikləri vəhşiliklərdən bəhs edən çıxışçılar diqqətə çatdırıblar ki, dünyanın heç bir yerində bir daha Xocalıdakı kimi cinayətin təkrarlanmaması üçün dünya ictimaiyyətinə bu soyqırımı barədə daha geniş məlumat verilməlidir.
Tədbirdə Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın və digər yüksək vəzifəli rəsmilərin Azərbaycan xalqına başsağlığı və həmrəylik məzmunlu məktubları barədə məlumat verilib. İştirakçılara Xocalı soyqırımı ilə bağlı çap materialları paylanıb.
Mərasim çərçivəsində səfir Faiq Bağırov Türkiyə KİV-lərinə Xocalı soyqırımı ilə bağlı müsahibə verib. Diplomat müsahibəsində dünya ictimaiyyətinin Xocalı soyqırımı barədə ətraflı məlumatlandırılmasının əhəmiyyətindən bəhs edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara