QAN YADDAŞI
Ankarada Xocalı soyqırımına həsr olunan beynəlxalq konfrans keçiriləcək
Bakı, 20 fevral, AZƏRTAC
Fevralın 22-də Ankarada “Xocalı soyqırımı, insanlıq əleyhinə cinayətlər və terrorizm” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan tədbirdə deputat Elman Məmmədov iştirak edəcək.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universiteti ilə birgə təşkil edəcəyi konfransda dövlət rəsmiləri, elm xadimləri, Ankarada yerləşən diplomatik korpusun, beynəlxalq təşkilatların və Azərbaycan diasporunun nümayəndələri iştirak edəcəklər. Tədbirin məqsədi Xocalıda törədilmiş soyqırımı, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzü ilə bağlı həqiqətləri, insanlıq əleyhinə cinayətlərin və terrorizmin müasir dünyanın faciəsi olduğunu geniş ictimaiyyətə çatdırmaqdır.
Fevralın 23-də isə deputat Elman Məmmədov Tbilisi şəhərinə yola düşəcək. O, ölkəmizin Gürcüstandakı səfirliyi və Azərbaycan icması tərəfindən Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak edəcək.