DÜNYA
Ankarada dəhşətli partlayış olub [YENİLƏNİB]
İstanbul, 10 oktyabr, AZƏRTAC
Oktyabrın 10-da yerli vaxtla saat 10.00 radələrində Ankarada dəmiryol stansiyası yaxınlığındakı yol qovşağının altında partlayış olub.
Anadolu Agentliyinin məlumatına görə, hadisə yerinə çox sayda xilasedici və təcili tibbi yardım maşınları gəlib. Rəsmi mənbələr partlayışlar nəticəsində 30 nəfərin həlak olduğunu, 126 nəfərin yaralandığını təsdiqləyib.
Hadisə baş verən ərazinin yaxınlığında yerləşən dəmiryol stansiyasında yürüş keçirilməsinə hazırlıq işləri görülürmüş. Şahidlərin bildirdiklərinə görə, terror aktı bir-birinin ardınca iki güclü partlayışın baş verməsi ilə törədilib. Partlayışların terrorçu kamikadze tərəfindən törədilməsi ehtimalı istisna deyil.
Hadisə ilə bağlı yerli vaxtla saat 12.00-da Baş nazir Əhməd Davudoğlunun sədrliyi ilə Nazirlər Kabinetinin təcili iclasının keçiriləcəyi bildirilir.
13:16
İstanbul, 10 oktyabr, AZƏRTAC
Ankarada dəmir yolu stansiyası yaxınlığındakı körpüdə partlayış olub.
Anadolu Agentliyinin məlumatına görə, hadisə yerinə çox sayda xilasedici və təcili tibbi yardım maşınları gəlib.
Digər KİV-lər xəbər verir ki, partlayışda azı iyirmi nəfər həlak olub.
Qeyd edək ki, oktyabrın 10-da hadisə baş verən ərazinin yaxınlığında yerləşən dəmir yolu stansiyasında yürüş keçirilməsi nəzərdə tutulurdu.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul