MƏDƏNİYYƏT
Ankarada keçirilən beynəlxalq festival çərçivəsində “Azərbaycan gecəsi” təşkil olunub VİDEO
Gecədə səfirliyin əməkdaşları, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, diaspor təşkilatlarının təmsilçiləri, ictimaiyyətin nümayəndələri və azərbaycanlı tələbələr iştirak ediblər.
Festivalın keçirildiyi ərazidə səfirliyin təşəbbüsləri ilə yaradılan “Azərbaycan evi”ndə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin zəngin həyat və fəaliyyətlərinə dair türk dilində nəşr olunmuş nadir kitablar, “İrs” jurnalından nümunələr, Azərbaycanın tarixini və müasir inkişafını əks etdirən maraqlı əsərlər nümayiş etdirilib, iştirakçılara təbliğat materialları paylanıb.
Qonaqlar, həmçinin Azərbaycan milli mətbəxinin ləziz nümunələrindən dadıblar.
Şirvan şəhər musiqi və rəqs ansamblının rəngarəng konserti şənlik iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Gecədə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov və səfirliyin müşaviri Ceyhun Zeynalov festivalın təşkilinə görə Etimesqut Rayon Bələdiyyəsinə təşəkkürlərini bildirərək iki qardaş ölkə arasında münasibətlərin inkişafından, mədəni tədbirlərin əhəmiyyətindən bəhs ediblər.
Sonda səfirlik adından Etimesqut Rayon Bələdiyyəsinin sədri Ənvər Dəmirələ “Xatirə lövhəsi” təqdim edilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul