CƏMİYYƏT


Ankarada təşkil olunan beynəlxalq simpoziumda Azərbaycan-Türkiyə münasibətləri yüksək qiymətləndirilib

Ankara, 25 may, АZƏRTAC

Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin və Ankaranın Pursaklar bələdiyyəsinin birgə təşkilatçılığı ilə Ankarada “Azərbaycan-Türkiyə münasibətləri: qardaşlıq və strateji tərəfdaşlıq” mövzusunda beynəlxalq simpozium keçirilib.

Mərasimdə Azərbaycan və Türkiyənin parlament üzvləri, dövlət qurumlarının təmsilçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, nüfuzlu elm adamları, ziyalılar iştirak ediblər.

Tədbir müasir Azərbaycanın inkişafı, paytaxt Bakının gözəlliyi, regionlarımızın turizm baxımından cazibədar yerlərini əks etdirən filmin nümayişi ilə başlayıb.

Açılışda çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva, Türkiyə Böyük Millət Məclisinin üzvləri Talip Küçükcan və Selcuk Özdağ, Pursaklar Bələdiyyəsinin sədri Selcuk Çətin və digərləri Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişaf etdirilməsi və əlaqələrin daha da zənginləşdirilməsi istiqamətində bundan sonra atılacaq addımların birgə müzakirə edilməsinin əhəmiyyətli olduğunu vurğulayıblar.

Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov bildirib ki, ölkəmizin qardaş Türkiyənin iqtisadiyyatına qoyduğu sərmayələrin həcmi yaxın illərdə 20 milyard dollara çatacaq.

Milli Məclisin deputatı Elman Nəsirov diqqətə çatdırıb ki, Azərbaycan-Türkiyə əlaqələri bu gün digər ölkələr üçün model rolu oynaya biləcək səviyyədədir.

Sonra simpozium panel iclasları ilə davam etdirilib.

İştirakçılar Azərbaycan-Türkiyə münasibətlərinin strateji əhəmiyyəti, perspektivləri, iki ölkə arasındakı əməkdaşlıqda enerjinin rolu mövzularına həsr olunan toplantılarda maraqlı məruzələrlə çıxış ediblər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.