DÜNYA


Ankaranı ittiham edən Çexiya simasını itirməməyə çalışır

A+ A

Praqa, 2 dekabr, AZƏRTAC

YPG silahlı terrorçu təşkilatının (PKK-nın Suriya qanadı) fəaliyyəti ilə əlaqədar olmaq ittihamı üzrə Türkiyədə tutulmuş iki Çexiya vətəndaşının vəkili onların azad edilməsi barədə ərizə verib. Bu barədə Çexiyanın Baş naziri Boquslav Sobotka dekabrın 1-də ölkə parlamentində sorğular zamanı məlumat verib. Çexiya tərəfinin fikrincə, guya “Marketa Vşelixovanı və Miroslav Farkası tutub saxlamağa, yaxud onları mühakimə etməyə heç bir səbəb yoxdur”.

Buna baxmayaraq, Baş nazir çexlərin sənədləri yoxlanılan zamanı onların fəaliyyətini terrorçu təşkilatın fəaliyyəti ilə əlaqələndirən təkzibolunmaz faktın aşkar olunmasını çətin ki, izah edə bilsin.

Xatırladaq ki, Miroslav Farkas və Marketa Vşelixova Türkiyə və İraq sərhədlərini qeyri-leqal keçməyə cəhd edən zaman yaxalanıblar. Əşyalarına baxış zamanı Türkiyədə terrorçu təşkilat sayılan YPG ilə onların əlaqəsini göstərən sənədlər aşkar edilib.

Çexiya vətəndaşları onlarda xalq özünümüdafiə dəstələrinin fəaliyyətinə dair sənədlərin aşkar edilməsi əsasında Türkiyənin Şirnık şəhərinə gətiriliblər. Burada prokuror tərəfindən dindiriliblər. Onlara qarşı terrorçu təşkilat ilə əlaqədar olmaq ittihamı irəli sürülüb.

Həm Miroslav Farkas, həm də Marketa Vşelixova istintaq zamanı məlumat veriblər ki, Almaniyanın xüsusi qüvvələrində və Fransanın xarici legionunda hazırlıq keçiblər. Çexiya KİV-ləri yazır ki, Marketa Vşelixovanın daha əvvəl də problemi olub. Onu bu ilin yayında İraq Kürdüstanında saxlayıblar. Şərqdə Serksvebun Botan və Zelane Botan adlarından istifadə edən Farkas və Vşelixova YPG ilə əlaqədar olduqlarını bundan əvvəl də gizlətməyiblər. Hətta Çexiyanın bir neçə kütləvi informasiya vasitəsinə öz fəaliyyətlərindən danışıblar.

Çexiya Kənd Təsərrüfatı Universitetinin tələbəsi Marketa Vşelixova son illərdə bir neçə dəfə Suriyada olub.

Baş nazir B.Sobotkanın sözlərinə görə, Çexiyanın Ankaradakı səfirliyi Türkiyə həbsxanasına getməkdə və Vşelixovanın ailəsindən vəsaiti həbsxanaya köçürməkdə çexiyalı terrorçuların qohumlarına kömək edir. B.Sobotkanın parlamentdə riyakarcasına dediyi “Xarici İşlər Nazirlıyinin informasiyasına görə, həmin vətəndaşlar terrorçu fəaliyyətdə iştirak etmək üçün Suriyaya getməyiblər” sözləri inandırıcı səslənməyib.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.