MƏDƏNİYYƏT
Anna Netrebko və Yusif Eyvazov Omanda konsert proqramı ilə çıxış edəcəklər
Bakı, 22 yanvar, AZƏRTAC
Dünya operasının ulduzu Anna Netrebko (soprano) və tanınmış musiqiçi Yusif Eyvazov (tenor) martın 3-də Omanın paytaxtı Məsqətdə Kral Opera Teatrında konsert proqramı ilə çıxış edəcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat musiqiçilərin və Kral Opera Teatrının saytlarında yer alıb.
Rusiyanın Xalq Artisti, beynəlxalq müsabiqələr laureatı Anna Netrebko operalarda yaddaqalan obrazlar yaratmaqla yanaşı, konsert proqramları ilə də çıxış edir. Onun solo diskləri bestsellerə çevrilib. Musiqiçinin haqqında çəkilmiş sənədli filmlər Avstriya, Danimarka, Almaniya, Rusiya və İsveçrədə nümayiş etdirilib.
Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı “Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.