MƏDƏNİYYƏT
Anne-Li Reymaa: Novruz bayramı – təbiətin yenilənməsi və bahar müjdəçisidir
Tallin, 22 mart, AZƏRTAC
Novruz bayramı – çox gözəl bayramdır. Bu, təbiətin yenilənməsi rəmzi, bahar müjdəçisidir.
Estoniya Mədəniyyət Nazirliyinin mədəni müxtəliflik və xarici əlaqələr üzrə vitse-kansleri Anne-Li Reymaa bu sözləri Tallin Ratuşasında Novruz bayramına həsr edilmiş tədbir zamanı AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətdə deyib.
A.Reymaa qeyd edib ki, keçən əsrin 90-cı illərindən başlayaraq Estoniyada milli azlıqların mədəniyyətini və dilini dəstəkləməyə və qoruyub saxlamağa kömək etmək ənənəsi yaranıb. Vitse-kansler vurğulayıb: “Əgər Estoniyada yaşayan xalqlar bizim ölkəmizdə özlərini rahat hiss edirsə, deməli, biz birlikdə mehriban yaşamağı və mədəni müxtəlifliyin sevincini duymağı bacararıq”.
A.Reymaa deyib ki, Estoniyada sıx birləşmiş Azərbaycan icması fəaliyyət göstərir. Bu icma öz mədəniyyətinə, tarixi Vətənlə əlaqələrin qorunub saxlanılmasına, gənc nəslin Azərbaycanın tarixi və ənənələri ilə tanış edilməsinə yönəlmiş çox faydalı layihələr həyata keçirir. A.Reymaa deyib: “Estonlar Azərbaycanın mədəniyyəti ilə, onun tarixi ilə tanışdırlar və bu, bizi yaxınlaşdırır. Estoniyada yaşayan azərbaycanlılar arasında mədəniyyət xadimləri çoxdur”.
Vitse-kansler Estoniyada kukla teatrına rəhbərlik edən Rauf Əfşarın uğurlu yaradıcılıq fəaliyyətini xüsusi qeyd edib. A.Reymaa deyib: “Mən şadam ki, Avropada yeganə Azərbaycan kukla teatrı məhz Estoniyada fəaliyyət göstərir. Rauf Əfşar Estoniya uşaqlarını Azərbaycanın qeyri-adi nağılları ilə tanış edir. Estoniya mədəniyyət naziri Kukla teatrının yaradıcılığının 20-illiyi münasibətilə Rauf Əfşara fəxri fərman təqdim edib”.
Vitse-kansler Bakıya səfəri haqqında təəssüratlarıni bölüşərək deyib: “Mən 2 dəfə Azərbaycanın paytaxtında olmuşam. Bakıya axırıncı dəfə keçən il getdim, orada gördüyüm heyrətamiz dəyişikliklər böyük irəliləyişə və inkişafa dəlalət edir”.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Tallin