İQTİSADİYYAT


Anqolanın “Sonangol Hidrocarbonetos Internacional” şirkəti SOCAR-la əməkdaşlıqda maraqlıdır

A+ A

Bakı, 21 iyul, AZƏRTAC 

Anqolanın “Sonangol Hidrocarbonetos Internacional” şirkəti SOCAR-la əməkdaşlığın qurulmasında maraqlıdır.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin iyulun 21-də Anqolanın “Sonangol Hidrocarbonetos Internacional” şirkətinin prezidenti və baş icraçı direktoru Frederiko Ferraz Dominqos və həmin şirkətin baş icraçı direktorunun müavini xanım Filomena Santos Oliveira ilə görüşdə danışılıb.

R.Abdullayev qonaqlara SOCAR-ın inkişaf tarixi, statusu, əsas fəaliyyət istiqamətləri, ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələr barədə məlumat verib.

F.Dominqos vaxtilə Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye İnstitutu) təhsil aldığını qeyd edərək, yenidən Bakıda olmağından böyük məmnunluq duyduğunu söyləyib. O, aradan keçən 20 ildən artıq bir müddətdə Bakının tanınmaz dərəcədə dəyişib gözəlləşdiyini, əsl Avropa şəhərinə çevrildiyini vurğulayıb. Azərbaycanda təhsil almış kadrların Anqola neft-qaz sənayesinə mühüm töhfə verdiyini diqqətə çatdıran qonaq rəhbərlik etdiyi şirkət haqqında ətraflı məlumat verib. O, yataqların kəşfiyyatı, işlənməsi, hasilatı və digər fəaliyyət növləri üzrə Anqola daxilində, habelə xaricdə - Meksika körfəzi, Kuba, Braziliya, Birləşmiş Ərəb Əmirlikləri, Mozambik və digər ölkələrdə həyata keçirdikləri layihələr barədə təqdimat keçirib.

Qonaqlar SOCAR-la əməkdaşlığın qurulmasında maraqlı olduqlarını bildirib, bunu öz şirkətlərinin strateji inkişafı üçün mühüm hesab etdiklərini vurğulayıblar.

R.Abdullayev Azərbaycanda beynəlxalq şirkətlərin fəaliyyəti üçün geniş imkanlar yaradıldığını, əlverişli investisiya şəraitinin mövcud olduğunu qeyd edərək, SOCAR-ın bir sıra regional və qlobal miqyaslı layihələr çərçivəsində dünyanın aparıcı neft-qaz şirkətləri ilə səmərəli əməkdaşlıq qurduğunu və bu əməkdaşlığın Azərbaycanın iqtisadi maraqlarına uğurla xidmət etdiyini bildirib. SOCAR-ın prezidenti Anqola şirkəti ilə əməkdaşlıq perspektivlərinin ölkələr arasında münasibətlərin inkişafına böyük töhfə verə biləcəyini deyib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da maraqlı fikir mübadiləsi aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.